“Bu, ölkəmizə olan hörmətin, etimadın təzahürüdür”

“Son illər Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilib”.
TNS xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib, bir çox qlobal foruma uğurla ev sahibliyi edib: “Qlobal Forum da bu istiqamətdə mühüm addımlardan biridir.
Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunur. Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirib.
Bu gün dünya tarixinin ən mürəkkəb və çətin mərhələlərindən birini yaşayır. Belə bir dövrdə qarşıda duran ən vacib məsələlərdən biri sabitliyin qorunması və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan bu istiqamətdə mühüm rol oynayır və tolerantlıq, multikulturalizm, dinlər və sivilizasiyalararası dialoq sahəsində dünyaya nümunə göstərir.
Ölkəmiz müxtəlif beynəlxalq forumlar, görüşlər və tədbirlər vasitəsilə bu sahəyə öz töhfəsini verir. Digər beynəlxalq forumlar kimi, bu forum da prosesə mühüm töhfə verəcək və ölkələrin inkişafına xidmət edəcək”.