Musa Qasımlı: “Sülh bəyanatları verməklə silahlanma bir araya sığmır”

“Dövlətlər arasında münasibətlər ciddi sənədlərin imzalanması ilə tənzimlənər”.
Bunu TNS-ə Prezident İlham Əliyevin XII Qlobal Bakı Formunda səsləndirdiyi “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır”, - fikrini şərh edən Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
Sədr müavini bildirib ki, cənab Prezidentimiz İlham Əliyevin söylədikləri həm diplomatiya tarixinə, həm də müasir gerçəkliklərə əsaslanır: “Dövlətlər arasında münasibətlər ciddi sənədlərin imzalanması ilə tənzimlənər. Çünki hökumətlər bir-birlərini əvəz edər, amma dövlətlərin götürdüyü öhdəliklər qalar. Diplomatiya tarixinin təcrübəsi bunu göstərir. Ermənistan rəhbərliyi isə sözdə sülhə tərəfdar olduğunu bəyan edir, işdə isə sülhə gətirəcək gerçək addımları atmır. Həmin gerçək addımlar hansılardır? Ermənistan əgər Azərbaycanla həqiqətən sülh istəyirsə, mütləq əsassız ərazi iddialarının əks olunduğu bütün rəsmi sənədlərini ləğv etməlidir. Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Ermənistan qanunverici orqanının 1989-cu il 1 dekabr tarixli “sənədi” də ləğv edilməlidir. Ermənistan həqiqi sülhdən ötrü bu məsələlərə yenidən baxmalıdır”.
Musa Qasımlı vurğulayıb ki, digər bir problem artıq fəaliyyətini başa çatdırmış, heç kimə gərəkli olmayan ATƏT-in Minsk Qrupunun ləğvi məsələsidir: “Ermənistan davamlı sülh istəyirsə, cənab Prezidentimiz İlham Əliyevin dediyi təklifləri qəbul etməlidir. Sülh bəyanatları verməklə silahlanma bir araya sığmır. Prezidentimizin dediyi kimi, bizə Cənubi Qafqazda sülh lazımdır. Sülhün də qurulmasından ötrü Ermənistan sözdə deyil, əməldə işini görməlidir”.
Qeyd edək ki, Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun buraxılmasının vacibliyini də vurğulayıb: “Bizə lazımdır ki, ATƏT-in Minsk Qrupu buraxılsın. Bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk Qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin Qrupunun buraxılması üçün ümumi müraciətə siz niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?”
Aygün