Sülh sazişinin mətni razılaşdırıldı – Azərbaycanın tələbləri nə vaxt yerinə yetiriləcək?

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb.
Maraqlıdır ki, danışıqlar yekunlaşıbsa, deməli, mətn də razılaşdırılıb. Razılaşdırılan mətnə tərəflərin daha əvvəl uzlaşmadığı 2 maddə də daxildir?
TNS mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.
Politoloq bildirib ki, sülh sazişi mətninin bütün bəndləri artıq razılıaşdırılıb: “Əvvəldən mətndəki 17 bənddən 15-i razılaşdırılmışdı. Qalan 2 bəndlə bağlı da indi razılığa gəlinib. Orada Azərbaycanın 2 tələbi vardı: ATƏT-in Minsk qrupundan rəsmi şəkildə imtina və Avropa İttifaqının monitorinq missiyasının Ermənistanı tərk etməsi.
Çünki bunların ikisi də gərəksizdir. Ermənistan öhdəlik götürüb ki, sülh sazişi imzalanan kimi Minsk qrupundan imtina edəcək və monitorinq qrupunun işinə xitam verəcək.
Bu, o deməkdir ki, sülh sazişinin bütün bəndləri artıq razılaşdırılıb”.
Elxan Şahinoğlu əlavə edib ki, Azərbaycan tərəfinin bir tələbi də gündəmdə qalır. O da Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın ortadan qaldırılmasıdır: “Yəqin ki, Ermənistan bu məsuliyyəti də üzərinə götürəcək. Çünki Baş nazir Nikol Paşinyanın da konstitusiyanın dəyişdirilməsi ilə bağlı açıqlamaları var. Düzdür, o, bunu gələn il üçün deyir. Amma prosesi sürətləndirmək mümkün olsa, elə bu il ərzində - yaxın aylarda iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı artacaq”.