"Onlar anti-Azərbaycan şəbəkəsi, erməni lobbisi və Vətən müharibəsindən sonra ortaya çıxan qruplardır"

"Azərbaycana qarşı kampaniyanın konkret səbəbləri var. Ümumiyyətlə, həmişə beynəlxalq qüvvələr Azərbaycana qarşı sanksiyaya aparacaq yolu izləyirlər. Onlar anti-Azərbaycan şəbəkəsi, erməni lobbisi və Vətən müharibəsindən sonra ortaya çıxan qruplar, İran, Fransa, Hindistan, Rusiya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanı istəməyən qüvvələrdir".
Bunu TNS-ə açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
"Hindistan, İran, Fransanın ölkəmizə münasibəti məlumdur. Prezident İlham Əliyevin dediyi kimi, o qüvvələr hər məsələdə, Azərbaycanın bütün uğurlarında müxtəlif arqumentlər gətirirlər. Onlar Azərbaycanı insan haqları, demokratiya məsələsində ittiham edirlər, COP29 çərçivəsində Azərbaycanı ekoloji cinayətlərdə günahlandırırlar. Hətta ölkəmizi Vətən müharibəsi zamanı, sonrakı bütün proseslərdə ittiham etdilər".
Ə. Əlibəylinin sözlərinə görə, onlar qeft-qaz sektorunda keçirilən tədbirlərdə Azərbaycanı anti-ekoloji ölkə kimi təqdim etməyə çalışıblar: "Dövlət başçısının dediyi kimi, Azərbaycanın beynəlxalq arenada öz müttəfiqləri var və görünən odur ki, gedişatın nəticəsi Azərbaycanın xeyrinə olacaq”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycana qarşı aparılan geniş kampaniya barədə danışıb.
Azadə Yolçu