Ermənistan böhranla qarşı-qarşıya - Paşinyan başa düşəcək ki...

Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində deyib ki, “Zəngəzur dəhlizi” ifadəsi onlar üçün anlaşılmaz və qəbuledilməzdir: “Ermənistanda bu ifadə suverenlik və ərazi bütövlüyünə təhlükə kimi qarşılanır. Bizim dörd sərhədimiz var və onlardan ikisi tamamilə bağlıdır. Təkcə bu fakt aydın şəkildə göstərir ki, biz regional nəqliyyat marşrutlarının açılmasında əslində nə qədər maraqlıyıq. Ermənistan öz ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməyə hazırdır”.
“Zəngəzur dəhlizi” ifadəsinin qəbuledilməz olduğunu deyən Baş nazir digər tərəfdən regional nəqliyyat marşrutlarının açılmasında maraqlı olduqlarını dilə gətirir. Ümumiyyətlə, Nikol Paşinyanın bu açıqlaması nəyi ehtiva edir?
TNS bununla bağlı Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədovun fikirlərini öyrənib. Deputat bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Zəngəzur dəhlizi” ilə bağlı suallardan yayınması onun sülhə münasibətinin göstəricisidir: “Hər nə qədər sülh danışıqlarından “Zəngəzur dəhlizi” mövzusu çıxarılsa da, hamı bilir ki, bu dəhliz olmasa, sülh olmayacaq. “Zəngəzur dəhlizi”ndən Azərbaycandan Azərbaycana maneəsiz keçidlə bağlı Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərsə, sülhə daha çox yaxınlaşmış olarıq. Paşinyan “Zəngəzur dəhlizi” anlayışını başa düşə bilmədiyini deyir. Bu sözün özündə artıq irəliləyiş var. Çünki bir zamanlar “Meğri yolu”, “Sünik yolu” deyirdilərsə, indi “Zəngəzur dəhlizi” deməklə artıq bu termini qəbul etmiş olublar. İkinci bir tərəfdən, mənə elə gəlir ki, Ermənistanın, xüsusilə Baş nazirin dəhlizin açılması ilə bağlı sonuncu şansı qalıb”.
Rusiya-Ukrayna müharibəsinin başa çatmaqda olduğunu deyən Hikmət Məmmədov qeyri-qanuni yollarla Rusiya sanksiyası nəticəsində Ermənistan iqtisadiyyatının müəyyən gəlirlər əldə etmə mərhələsinin keçəcəyini bildirib.
O qeyd edib ki, ABŞ-dən gələn yardımlar da azalacaq: “Çox güman ki, ABŞ-dən gələn yardımlar da azalacaq. Çünki SOROS komandası artıq ABŞ-də hakimiyyətdə deyil. O zaman Ermənistanı iqtisadi böhran gözləyir. Əgər doğrudan da Paşinyan Baş nazir kimi özünü blokadada hesab edirsə, birincisi bu, Ermənistanın özünün günahı ucbatındandır. Digər tərəfdən, bu nüansları nəzərə alaraq, Ermənisatn üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin. Mənə elə gəlir ki, Paşinyan “Zəngəzur dəhlizi”nin mahiyyətini, dəhlizin bağlı qalmasının ermənilər üçün nə demək olduğunu yaxın zamanda daha yaxşı başa düşəcək”.
Aygün İbrahimli