Close

“Kökaltı”nda qalan Ermənistan, davam edən “binokl siyasəti”... - Onlar nə istəyir?

"Bir zamanlar onların ağaları başqa adamlar idi, indi onlar öz ağalarını dəyişirlər və dəyişə-dəyişə də gedəcəklər. Azərbaycan Prezidenti də danışarkən bu məsələyə eyham vurub".

Bunu TNS-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli deyib.

O bildirib ki, əvvəllər Ermənistana Rusiyadan hərbi-texniki dəstək təmənnasız edilirdisə, indi bu missiyanı cənab Prezidentin də dediyi kimi, yeni ağaları həyata keçirir: “Əvvəla məsələyə daha geniş aspektdən yanaşanda birmənalı şəkildə qəbul olunmalıdır ki, Ermənistan Azərbaycanla nəinki siyasi və iqtisadi, həm də hərbi baxımdan qarşı-qarşıya gələcək qüdrətə malik deyil. Zaman-zaman bu ölkə başqa dövlətlərin vassalı olub, yəni, “kökaltı”nda fəaliyyət göstərib. Bu, marginal təsəvvürlü, heç bir siyasi kursu olmayan bir dövlətdir. Biz bu barədə dəfələrlə danışarkən onu xüsusi vurğulamışıq ki, hazırda Cənubi Qafqazda mövqe savaşları gedir. Bu bu savaşlar çox ciddi xarakter almağa başlayır. Yəni, bu mövqe savaşlarının arxasında hərbi proseslərin baş verməsi ehtimalı da böyükdür.

Problem ondan ibarətdir ki, Cənubi Qafqazda Ermənistan həmişə zəif bənd olaraq tanınıb. Cənubi Qafqazda yeni geosiyasi reallıqlar fonunda özünə mövqe tapmaq istəyən bütün dövlətlər adətən, Ermənistandan tramplin kimi istifadə edir. “Binokl siyasəti” də bunun tərkib hissəsidir. Yəni, Avropa İttifaqının 50-yə yaxın nümayəndəsi bu və ya digər missiya adı altında hərəsi əlinə bir binokl alıb, Azərbaycan sərhədlərində gəzir, ərazilərimizi müşahidələri altında saxlayır. Bununla bağlı da Azərbaycan Prezidenti çox kəskin şəkildə mövqeyini bildirərək bəyan etmişdi ki, əgər siz Azərbaycanda nə isə maraqlandırırsa, normal şəkildə Azərbaycana gələ və vəziyyəti öyrənə bilərsiniz. Yəni, bütün bunlar, xüsusilə Fransanın dəstəyi, Ermənistanın silahlandırılması müharibə ehtimalını iki qat artırır. Əgər silahlanma varsa, burada daha müasir cəbbəxana elementləri yer alırsa, deməli, yaxın perspektivdə müharibə ehtimalı da istisna olunmamalıdır. Yəni, silah müharibə, döyüş üçündür. İndiki vəziyyətdə də Ermənistanın bu şəkildə silahlandırılması Azərbaycana qarşı həm siyasi, həm də hərbi baxımdan təzyiq kimi qəbul olunmalıdır. Ona görə də cənab Prezident haqlı olaraq öz çıxışında bu məsələyə xüsusi diqqətlə yanaşaraq, bildirib ki, sizin Ermənistanı silahlandırmaqda əsas məqsədiniz Cənubi Qafqazdakı sülhü, sabitliyi pozmaq məqsədi daşıyır, bu xüsusda Ermənistandan vasitə kimi istifadə etməyiniz Azərbaycana qarşı ciddi təhdiddir, təzyiq elementidir".

İ. Rüstəmlinin sözlərinə görə, belə bir vəziyyətdə tam əminliklə demək olar ki, hadisələrin gedişatı Ermənistanın müharibəyə hazırlaşdığını göstərir: "Ona görə də Azərbaycan BMT Tədbirlər Planını da yaddan çıxarmır. Azərbaycan hətta torpaqlarımız işğalda olanda da sülhü dəstəklədiyini, münaqişənin sülh yolu ilə həll olunmasını daim bəyan edirdi. Lakin təəssüf ki, nə Avropa İttifaqı, nə BMT, nə də digər nüfuzlu ölkələr, təşkilatlar bu məsələdə Azərbaycanın haqq çağırışına səs verdi. Baxmayaraq ki, bütün dünya dövlətləri istisnasız olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. İndiki vəziyətdə də təbii ki, əsas məqsəd Ermənistandan Azərbaycana qarşı vasitə kimi istifadə etmək, bölgədə yeni geosiyasi reallıqlar yaratmaqdan ibarətdir. Belə vəziyyətdə təbii ki, Azərbaycan kəşfiyyat xarakterli məlumatları nəzərə alaraq, prosesi düzgün qiymətlədirir. Yəni, Azərbaycanın məqsədi kiminsə ərazisini işğal etmək deyil, həmişə olduğu kimi, bu gün də sülhü dəstəkləyir. Lakin indiki vəziyyətdə Azərbaycanın hadisələri taleyin ümidinə buraxaraq sakit oturmaq fikr yoxdur. Bu, hərbi münaqişə, yaxud müharibə baş verərsə, Azərbaycanın layiqincə cavab verməsi üçün lazımdır, 44 günlük Vətən Müharibəsində olduğu kimi. Lakin Azərbaycan siyasəti sülhü dəstəkləyir”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Ermənistanın müharibəyə hazırlaşdığını bildirib.  

Azadə Yolçu