“Binokl” siyasəti nə vaxtadək davam edəcək? - Avropa İttifaqının kəşfiyyat missiyası...

“Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında belə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Avropanın monitorinq missiyası əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır: “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.
Bu gün Ermənistana silah verən qüvvələr, eləcə də rəsmi İrəvan mövcud reallığın fərqində deyilmi? Avropanın monitorinq missiyasının canfəşanlığının kökündə nə dayanır?
TNS məsələ ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovun fikirlərini öyrənib. Ölkə başçısının Ermənistana təchiz olunan məhvedici silahlarla bağlı söylədiyi fikirləri bölüşdüyünü deyən ekspert bir sıra məqamlara toxunub: “Sözsüz ki, Ermənistan o silahları Azərbaycana qarşı işlətmək üçün alır. Amma onları işlədə biləcək, ya yox, bu, artıq başqa bir mövzudur. Əlbəttə ki, bu gün dünyada elə yerlər var ki, həmin silahlar orada vacib ola bilər. Amma təəssüf ki, silahlar revanşist hislərlə yaşayan Ermənistana göndərilir”.
Avropanın monitorinq missiyasının Ermənistan ərazisində özünün varlığını doğrultmaq üçün bu cür canfəşanlıq etdiyini deyən Üzeyir Cəfərov onların hələ iki il Ermənistan ərazisində qalacaqlarını yada salıb: “O missiya gecə-gündüz məlumat toplayır, geniş hesabtlar yazırlar. Onlar hələ iki il -2027-ci ilin fevral ayına qədər Ermənistan ərazisində qalacaqlar. Ona görə də aldıqları böyük pulları, dividentləri doğrultmaq üçün daimi olaraq bizim sərhədlərə yaxınlaşır, binoklla müəyyən fəaliyyət həyata keçirirlər. Düşünmürəm ki, onlar sərhəddən bizimlə bağlı hər hansı bir önəmli hərbi, yaxud dövlət sirri təşkil edən məlumat əldə edə bilsinlər. Biz bəyanat versək, narahatlıq bildirsək də, onlar fəaliyyətlərini davam etdirəcəklər. Amma Azərbaycan güclü dövlətdir, güclü dövlət sərhəd xidməti, xarici kəşfiyyatı, hərbi əks kəşfiyyatı, güclü ordusu var. Ona görə də şəxsən mənim böyük bir narahatlığım yoxdur. Əlbəttə ki, bu hallar olmasa, daha yaxşı olar. Dediyim kimi, onlar bu dəfə iki illiyinə gəliblər. Özləri üçün rahat yer tapıblar. ATƏT-in Minsk qrupu ilə bağlı neçə müddət narahatlığımızı bildirdik, 30 ilə heç nəyə nail olmadıqlarını dedik. İndi Qarabağ məsələsi həll olub, amma ATƏT-in Minsk qrupu nədənsə fəaliyyəinə son qoymaq haqqında düşünmür. Deməli, Avropada böyük pulları monitorinq, missiya adı altında kefləri istəyən kimi xəsrcləməyə, ciblərinə qoymağa maraqlı olan dairələr var”.
Ekspert əlavə edib ki, Ermənistana verilən silahlarla bu gün müəyyən narahatlıqlar yarada bilərlər.
“Amma Ermənistan onu da gözəl bilir ki, bu gün onun Azərbaycanla baş-başa gələcək, Azərbaycanın ordusuna qarşı çıxa biləcək gücü yoxdur”, -deyə Üzeyir Cəfərov vurğulayıb.
Aygün