"Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır”

“Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək”.
TNS xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O xatırladıb ki, artıq iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb: “Azərbaycan qazı 2024-cü ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdı və bu il enerji əməkdaşlığı daha da dərinləşəcək. İki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etməsi müşahidə olunur.
Şimall Makedoniya Azərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var. Ölkəmizin Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq, 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb”.
Deputat qeyd edib ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq, təbii qaz hasilatı illik 50 milyard kub metrdən çox olub: “Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə “mavi” yanacaq nəql edr.
Təbii qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geo-siyasi mövqeyini daha da möhkəmləndirərək, regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu artırır. Bu, Şimali Makedoniya daxil olmaqla, tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir”.