Close

Suriyada bir həftədə 1300 nəfər öldü – Türkiyə niyə müdaxilə etmədi?

“Suriyada birmənalı olaraq, vətəndaş müharibəsi və daxili qarşıdurmanın baş verməyəcəyini demək mümkünsüzdür. Çünki ölkədə silahlı qruplaşmalar var. Bu silahlı qruplar hakimiyyətə qarşı müəyyən iddialar ətrafında birləşə və yaxud ayrı-ayrılıqda qiyam qaldıra bilər”.

Bunu TNS-ə “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

O, buna misal da göstərib: “Məsələn, terrorçu PKK-nın YPG və PYD qolları hələ də rəsmi Dəməşqin silahları təhvil verib, vahid ordu ətrafında birləşmək çağırışına məhəl qoymayıb. Eləcə də, PKK liderinin silahları təhvil verməklə bağlı çağırışına da əməl etmir.

Ölkədə ötən həftə Qiyas Süleyman Dallanın rəhbərliyi ilə başlanan qiyamı vətəndaş müharibəsi üçün bir cəhd saymaq olar. Ola bilsin ki, onun arxasında qüvvələr indiki hakimiyyətin müqavimət gücünü və nəbzini yoxlayır. Bu, mövcud hakimiyyət üçün həm də bir sınaqdır.

Hadiələr göstərir ki, keçid hökumətinə rəhbərlik edən Əhməd əl-Şaraa bu hadisələrə qarşı sərt davranmağı bacarır. O bəyan edib ki, ölkədəki bütün təriqətlər, vətəndaşlar milli birlik istiqamətində fəaliyyət göstərməlidirlər”.

Siyasi şərhçinin sözlərinə görə, bu məsələdə İran rəsmiləri və ayr-ayrı media qurumları Türkiyənin adını xüsusilə daha çox hallandırır: “Amma hadisə Türkiyənin Suriyadakı mandatına uyğun ərazidə, anti-terror əməliyyatı apardığı bölgədə baş verməyib. Əgər həmin ərazidə baş versəydi, Türkiyə müdaxilə eə bilərdi.

Digər tərəfdən, Türkiyənin həmin əraziyə qoşun yeritməsi üçün ölkə parlamenti qanun qəbul etməli, Prezident təsdiqləməlidir. Bu, baş vermir. Deməli, qiyama qarşı əməliyyatda Türkiyənin iştirakı istisnadır.

Rusiya isə bu məsələdə maraqlı görünür, çünki onun hərbi bazasının gələcəkdə Suriyada qalması şübhə altındadır. Rəsmi Dəməşq razılıq versə də, Bəşər Əsədin Suriyada ittiham olunması üçün təhvil verilməsi tələb olunur.

Adıçəkilən briqada generalı Qiyas Süleyman Dalla həm Bəşər Əsədin qoşununun tör-töküntüsüdür, həm də onun qardaşçı Mahir Əsədin yaxın adamıdır. Bu isə onun İran və Rusiyanın dəstəklədiyi qüvvələrdən olduğunu göstərir. Çünki həmin ərazidə Rusiya bazası yerləşib. Qarşıdurma baş verən zaman oradakı insanların bir hissəsi həmin bazaya sığınıb.

Vəziyyətdən terrorçu PKK qruplaşması da yararlanmağa cəhd göstərə bilər. Çünki onlar Əhməd əl-Şaraa hakimiyyətinin davam etməsini istəmir, Suriya dövlətinin unitarlığına qarşı çıxış edirlər. PKK-nın YPG, PYD və Suriya Demokratik Gücləri kimi silahlı siyasi birləşmələri də hadisələrdən öz xeyirlərinə istifadə edə bilər.

Ölkədəki hadisəni törətməkdə İran və Rusiya daha maraqlı görünür.

Əvvəllər Suriyanın 3 hissəyə bölünəcəyi iddia edilirdi. Ölkənin bir hissəsinin sünnilərə, bir hissəsinin şiələrə, bir hissəsinin isə kürdlərə veriləcəyi bildirilirdi. Bunun baş verməməsindən hiddətlənən qüvvələr qiyamın həyata keçməsi, vətəndaş müharibəsinin yenidən başlamasında maraqlı görünür”.

sedreddin-soltan-11-900x599

S. Soltan əlavə edib ki, artıq əməliyyatlar başa çatıb. Bu da onu deməyə əsas verir ki, müvəqqəti hökumətin rəhbəri qiyamçılara qarşı ilk əməliyyatı uğurla başa çatdırıb.

Qeyd edək ki, Suriyada ötən həftə başlayan silahlı qarşıdurma nəticəsində 1300-dən çox insan ölüb. Ölənlərin təxminən 800 nəfəri mülki şəxsdir.