Vitse-spiker: “Bu layihələr Avrasiyanın enerji xəritəsini dəyişdi”

Ötən gün Türkiyənin paytaxtı Ankara şəhərində İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi.
Yeni istifadəyə verilən qaz kəmərinin iqtisadi əhəmiyyəti ilə yanaşı, bölgə üçün siyasi əhəmiyyətini necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı TNS Milli Məclis sədrinin müavini Musa Qasımlının fikirlərini öyrənib.
Vitse-spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Ankarada İğdır-Naxçıvan qaz kəmərini videobağlantı formatında açmaları sadəcə uzun illər boyu təcavüzkar Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının qaz təchizatı probleminin həll edilməsi demək deyil: “Bu, Prezidentimizin mərasimidəki nitqində dediyi kimi, Azərbaycan-Türkiyə qardaşlığında önəmli bir gündür. 1,5 il əvvəl başladılan layihənin həyata vəsiqə alması ölkələrimizin əzmini göstərir. Cənab Prezidentimizin nitqində Naxçıvanın Azərbaycanın digər ərazilərindən ayrı düşməsinin tarixinə nəzər yetirməsi təkcə tarixi yaddaş məsələsi deyil, bu problemin həllinin siyasi diplomatik informasiya bazasının hazırlanması anlamına da gələ bilər”.
Musa Qasımlı vurğulayıb ki, Naxçıvanın enerji təhlükəsizliyində mühüm olan kəmər həm qardaşlığımızın nümunələrindən biridir, həm də bütövlükdə Türk dünyasının mövqelərini gücləndirir: “Dövlət başçımızın dediyi kimi, bundan əvvəl həyata keçirilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri, Bakı-Tbilisi-Ərzurum Boru Xətti, TANAP kimi layihələr ölkələrimizi birləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsini dəyişdi. Eyni zamanda Azərbaycanın və Türkiyənin dünya siyasətində rolunu artırdı. Bu gün Avropanın bir neçə ölkəsinin Azərbaycandan aldığı qazın hesabına enerji təhlükəsizliyini təmin etməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji diplomatiyasının uğurlarından biridir”.
Aygün İbrahimli