Bu, ağ yalandır – Baş nazirin bir-birinə zidd fikirləri...

“Ermənistanın Baş naziri Nikol Paşinyan öz köhnə ampluasına uyğun olaraq, bir-birinə zidd fikirlər səsləndirməkdədir. O, bir yandan Zəngəzur dəhlizin açılması ilə bağlı 10 noyabr sazişini pozmaqla məşğuldur, digər yandan da bəyanat verir ki, Ermənistan regional nəqliyyat və iqdisadi kommunikasiyaların açılmasında maraqlıdır və buna razıdır”.
Bunu TNS-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Paşinyan eyni zamanda Azərbayacanın əsas hissəsindən Naxçıvana gedən yolun açılmasını istədiyini də bildirir: “Bununla da həm yük, həm sərnişin daşımalarının həyata keçirilməsi ideyasını müdafiə edir. Onun açıqlamasında çox incə bir məqam var ki, Baş nazir həm də Ermənistanın bu yolun təhlükəsizliyinin üçüncü dövlət tərəfindən həyata keçirilməsi ilə bağlı öhdəlik götürmədiyini deyir. Bu, ağ yalandır.
2020-ci ilin 10 noyabr - üçtərəfli sənədinin 9-cu bəndində əsasən, nəqliyyat-kommunikasiyaların bərpasından söhbət gedir, Zəngəzur dəhlizindən bəhs edilir. Onun da təhlükəsizlik məsələləri Rusiyanın Sərhəd Qoşunlarına tapşırılır. Bu sənədin altına Ermənistan Baş naziri öz imzasını atıb.
O zaman Paşinyan bəyanat versin ki, imzanı affekt vəziyyətində atıb, indi bundan imtina edir. O, “Zəngəzur dəhlizi” ifadəsini dilinə gətirmək istəmir”.
Deputat vurğulayıb ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi bəllidir: “Mövqe odur ki, heç bir maneə olmadan əvvəlcə Azərbaycanın yükləri, gələcəkdə isə sərnişinlərin daşınması həyata keçirilməlidir. Bizim üçün də əsas təhlükəsizlik məsələsidir.
Biz Ermənistanın təhlükəsizlik orqanlarına necə etibar edə bilərik? Ermənistan polisi bizim vətəndaşlarımızın və yüklərimizin təhlükəsiz çatmasını təmin edəcək?
İlk növbədə bu məsələ öz həllini tapmalıdır”.
Qeyd edək ki, Paşinyan ölkəsi bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətə yüklərin daşınmasına hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanın birtərəfli öhdəliyi yoxdur, hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağı öhdəsinə götürüb: “Ermənistan heç vaxt öz üzərinə heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb və eyham vurmayıb ki, beynəlxalq və ya Azərbaycanın sərnişin və ya yük daşımalarının təhlükəsizliyi başqa ölkəyə həvalə olunmalıdır. Əksinə, Ermənistan tranzit təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb”.