Close

PKK silahı yerə qoydu – Terror təşkilatının şərtləri nədir?

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırışı təkcə Türkiyədə yox, dünyada ən çox müzakirə olunan mövzulardandır.

Terror təşkilatı həqiqətən silahı yerə qoyacaqmı?

Bu prosesin Türkiyə və dünyaya, xüsusilə, regionda marağı olan dövlətlərə təsiri necə olacaq?

Türkiyənin Qafqaz Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay TNS-in bu barədə suallarını cavablandırıb.

Hasan Oktay bildirib ki, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra Yaxın Şərqdə vəziyyət tamamilə dəyişib: “İsrailin HƏMAS və “Hizbullah”ın hücumlarını əsas gətirərərk, Qərb ölkələri ilə daha sıx əməkdaşlıq etməsi, bu iki təşkilatla birlikdə İrana qarşı da sərt tədbirlər görməsi rəsmi Tehranın “Hizbullah” və HƏMAS-a dəstəyini minimuma endirməsi ilə nəticələndi. Yəni, İran bölgədə İsrailə qarşı müharibə aparan bütün təşkilatları, qrupları tək qoydu”.

Hasan Oktay bildirib ki, ABŞ-də Donald Trampın Prezident seçilməsindən sonra bölgədə vəziyyət xeyli dəyişib: “Tramp Qəzza münaqişəsi ilə bağlı yeni qaydalar tətbiq etdi. Bu proses artıq Yaxın Şərqdə silahlı qrupların, təşkilatların fəaliyyətlərini davam etdirməsinin mümkün olmadığını ortaya çıxardı. Trampın hegomon siyasət həyat keçirməsi, müttəfiqlik adı ilə Putini də özünə tabe etməsindən sonra Yaxın Şərqdə sovet dönəmindən qalan marksist təşkilatların yaşamaq şansı qalmadı.

Bütün marksist təşkilatlar kimi, SSRİ tərəfindən qurulub, Türkiyəyə qarşı yönəldilən PKK-nın da o cümlədən.

Tramp Cənubi Amerikadakı bütün marksist dövlətləri də sıradan çıxararaq, onların ABŞ-nin nəzarətinə keçməsinə çalışır. Deməli, bütün dünyadakı marksist təşkilatlar sıradan çıxmağa başlayır”.

Politoloq vurğulayıb ki, PKK terror təşkilatı olsa da, qlobal güclər onu guya “kürdlərin hüquqlarını müdafiə etmək” məqsədilə qurulduğunu bəyan edərək, hər kəsi buna inandırmağa çalışıb. PKK “Kürdlərin pozulan hüquqlarını müdafiə” pərdəsi altında Türkiyə Cümhuriyyətinə qarşı 50 ilə yaxın savaşıb, həyata keçirdiyi terror aktları ilə minlərlə günahsız insanın ölümünə səbəb olub.

“Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı bir müddət əvvəl PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına müraciət etməsi, terror təşkilatını silahı yerə qoymağa çağırması təklifini irəli sürmüşdü. Artıq çağırış edildi və PKK atəşkəs elan etdi. Ümid edirik ki, PKK-nın silahı yerə qoyması üçün əlavə şərtləri olmayacaq, adını dəyişib, başqa adla terror fəaliyyətinə davam etməyəcək”, - Hasan Oktay əlavə edib.