İrəvanın xəyalları gerçəkləşməyəcək – Ermənistan ortada qalacaq

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxendən düşkün və durğun vəziyyətdə qayıtması şübhəsizdir. Çünki Paşinyanın bu dəfə Münxen Təhlükəsizlik Konfransından ayrı gözləntiləri var idi”.
Bunu TNS-ə “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Baş redaktorun fikrincə, Paşinyan Avropa İttifaqının rəsmiləri, müxtəlif Avropa dövlətlərinin nümayəndələri ilə hərtərəfli müzakirələr aparacağına ümid edib: “Ən az ona görə ki, Ermənistan artıq Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanun qəbul edib. Bu sənəd hökümətin təsdiqindən keçib.
Şübhəsiz ki, Paşinyan Avropa İttifaqına üzvlük prosesinə başlamağı nəzərdə tutan qanunu qəbul etdikdən sonra Avropa ilə dialoqda yeni mərhələnin başlayacağını düşünürdü. Ancaq bu, baş vermədi.
Əvvəla Münxen Təhlükəsizlik Konfransında Avropanın başı öz dərdinə qarışmışdı. ABŞ-nin vitse-prezidentinin bəyanatları sözün həqiqi mənasında Avropa İttifaqınıvə Münxen Təhlükəsizlik Konfransını şoka salıb. Belə bir vəziyyətdə əslində Paşinyanın o konfransa getməsi və Ermənistanın mənafeləri naminə müəyyən umacağının olması yersiz idi. Bu da Paşinyanın siyasi fəhminin zəif olmasının göstəricisidir”.
Aydın Quliyev xatırladıb ki, konfransda Avropanın genişlənməsi üzrə panel müzakirələrdə belə Paşinyana bir kəlmə söz verilməyib: “Halbuki İttifaqla bağlı son ayların ən yaddaqalan hadisəsi Ermənistanda məlum qanunun qəbuludur. Bu müzakirələrdə quruma üzvlük üçün sırasını gözləyən Moldovanın, Ukraynanın, Sloveniyanın və başqa ölkələrin adları çəkildiyi halda, nəinki Ermənistanın, heç Paşinyanın belə adı çəkilmədi. Bu, Paşinyana sarsıdıcı bir şillə vurulması demək idi.
Bütün bunlar onu göstərir ki, Paşinyan İttifaqa ən sıx inteqrasiya ilə bağlı arzularına uzun müddət fasilə verməli olacaq. Çünki Avropada daxili ziddiyyətlər kəskinləşib, Ukrayna məsələsinə görə mürəkkəb vəziyyət yaranıb. Bu fasilənin isə nə qədər davam edəcəyini söyləmək çətindir.
Ermənistanın Avropa İttifaqı ilə münasibətlərində fasilə yarandıqca Rusiya təzyiqləri artırmaq üçün fürsətlər axtaracaq və bu istiqamətdə addımlar atacaq.
Yəni, Ermənistan uzun müddət ortada qalacaq. Nə Avropa ona sahib çıxmaq üçün fəal addımlar atacaq, nə də Rusiya Ermənistandan əlini çəkəcək. Beləliklə Ermənistan müəyyən dövr üçün ortada qalmış ölkə təsiri bağışlayacaq”.