Bu, tərbiyəsizliyin pik həddidir

Son vaxtlar Azərbaycan seriallarındakı obrazlarda vulqar ifadələrin işlədilməsi dəb halını alıb. Obrazlarda bəzi aktyorlar yeri gəldi-gəlmədi vulqar sözlər işlətməklə guya ssenarini daha “maraqlı” etməyi düşünür.
Bununla da həmin o söyüşlər evlərə, ailələrə, azyaşlılara “örnək” olur. Bir-birilərini söyməklə, kiminsə ünvanına sərt sözlər deməklə serialı “dağ başına” qaldırmağa çalışan bu şəxslər artıq hər şeyi çılpaqlığı ilə ortaya qoymağa cəhd edir. Dinən kimi də elə hay-küy salırlar ki, bəs, xarici filmlərdə belə söyüşlər var, elə söyüşlər var. Adamlar anlamırlar ki, xarici kino aktyorları seriallarda vulqar sözləri elə yerində edirlər ki, tamaşaçı özü həmin yerdə söyüşün işlədilməsini gözləyir. Bizdəki kimi, yeri gəldi-gəlmədi yox. Harda, hansı obrazda gəldi söyüş söymək olmaz. Telekanallara nəzarət edən Audiovizual Şura isə dəfələrlə bu cür vulqar ifadələrin işlədilməsinə görə ciddi tədbir görməyib. Yalnız xəbərdarlıqla iş bitib. Növbəti dəfə yenə həmin səhvlər, yenə həmin söyüşlər.
Bu cür səhvlərin adi qarşılanması nəticədə daha biabırçı sonluqla yekunlaşdı. İctimai Televiziyada yayımlanan “Əqrəb mövsümü” serialında yersiz improvizə edən aktyorlar Azərbaycan vəkilinə qarşı dil uzatdı. Bəli, bu, adi söyüş söymək deyil. Bu, birbaşa Azərbaycan və azərbaycanlıların hüququna dil uzatmaqdır. Uzun illər əvvəldən Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olan dahi insanlar, şəxsiyyətlər olub və bu gün də bu cür şərəfli peşənin sahibləri sevə-sevə dövlətə, dövlətçiliyə, xalqa xidmət edənlərdir. Azərbaycanın ən çətin və şərəfli peşələrindən biri olan bu peşəyə dil uzatmaq tərbiyəsizliyin pik həddidir. O aktyorlar düşünməli və dərk etməlidir ki, Azərbaycan bayrağını təhqir etdiyi üçün ermənini Macarıstanda qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan zabiti Ramil Səfərovu müdafiə edən, bütün erməni lobbisinin qarşısında sipər olan Azərbaycan vəkilləri idi, aktyorlar yox. Uzun illər erməni cəlladlarının amansız işgəncələrinə məruz qalan azərbaycanlıların haqq səsini qaldıran, Azərbaycan ərazilərinin təcavüzünü 30 il hayqıran, bütün dünyaya car çəkən Azərbaycan vəkilləri olub. Bu siyahıya minlərlə faktı əlavə etmək olar.
Hansısa bir eyş-işrətdən başı açılmayan aktyorun, rejissorun Azərbaycan qadını obrazından Azərbaycan vəkilinə həqarəti heç cür qəbul edilən deyil. Bu, mədəniyyətimizdəki mədəniyyətsizlərin vulqar və bağışlanmaz mədəniyyətsizliyidir. Bu cür “əqrəblər” Azərbaycan mədəniyyətinə virus kimi yayılmaqla həm mədəniyyətimizi, həm də mənəviyyatımızı zəhərləyir. Jurnalistləri, müəllimləri, digər peşə sahiblərini öz cılız obrazları ilə təhqir edən bu viruslar sonda Azərbaycan gerbinə, Azərbaycan bayrağına, Azərbaycan ədalətinə dil uzatdı. Azərbaycan vəkilini təhqir etmək bu müqəddəs atributları təhqir etməkdir. Uğrunda minlərlə mərd oğullarımızın qanı tökülən Azərbaycan bayrağına, Azərbaycan gerbinə dil uzadanlar həm də şəhidlərimizə dil uzadırlar. Çünki Azərbaycan vəkili Azərbaycan bayrağını, Azərbaycan gerbini, Azərbaycan hüququnu, Azərbaycan ədalətini müdafiə edir. Bu peşəyə dil uzadanlar Azərbaycana dil uzadanlardır.
Samir Əli