Close

“Trampı münaqişənin həlli yox, atəşkəs maraqlandırır”

“ABŞ Prezidenti Donald Trampın başlıca məqsədi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaqdır. Ağ Evin hazırkı sahibi üçün münaqişənin həlli vacib deyil, bu, mürəkkəb məsələdir”.

TNS xəbər verir ki, bunu “Atlas” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, münaqişənin həlli indiki halda mümkün deyil: “Tramp atəşkəsə nail olarsa, bu nəticəni özünün uğuru kimi qələmə verəcək. Halbuki, atəşkəs problemin həlli deyil. Rusiya işğalı tam başa çatdırmayıb, Ukrayna isə ərazilərini azad etməyib. Atəşkəs olarsa, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Belə birşeyin mümkün olmadığını Ukraynada anlayırlar. Buna baxmayaraq, Ukrayna ordusunun Kursk istiqamətində nəzarət etdiyi ərazi Kiyevin danışıqlarda əlini gücləndirəcək alətdir. Ukrayna heç zaman işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu hüquqi cəhətdən tanımayacaq, ancaq siyasi reallıqla hesablaşmalı olacaq. Reallıq isə ondan ibarətdir ki, Krım və Donbasın bir hissəsi Ukraynanın nəzarətində deyil. Rusiyanın dağıtdığı şəhər, qəsəbə və kəndlərin bərpasına yüz milyardlarla dollar lazımdır”.

Politoloq qeyd edib ki, beynəlxalq aləm Rusiya-Ukrayna müharibəsindən yorulub: “Müharibənin dayandırılmasına siyasi sifariş var. Müharibə Rusiya və Ukraynanın özündə də yorğunluq əmələ gətirib. Tərəflər mövqe döyüşlərində hər gün xeyli itki verir. Müharibə dayandırılsa da, Avropanın Rusiya ilə əlaqələri bərpa edəcəyini düşünmürəm. Əlbəttə, Avropa ölkələri içərisində, misal üçün Macarıstan və Slovakiya Brüsseldən Rusiya ilə əlaqələrin tam bərpasını tələb edəcək. Ancaq Fransa, Almaniya, Polşa və Baltik ölkələri Rusiya ilə əlaqələrin bərpasına ehtiyatla yanaşacaq. Avropa ölkələrinin böyük hissəsi Rusiyanın enerji asılılığından qurtulub. Həmin ölkələrin yenidən Rusiyadan böyük həcmdə neft və qaz alacağını proqnozlaşdırmıram.

Rusiyanın müharibədən qalib çıxması bir çox ölkə kimi, Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab vermir. Rusiya Gürcüstan və Ukraynadan sonra diqqətini ətrafındakı digər dövlətlərə yönəldəcək. Bu səbəbdən Azərbaycan Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməlidir”.