Close

Yiyəsi ölmüş "Rus Evi"

Uzun müddət Bakıda nə işlə məşğul olduğu bilinməyən “Rus Evi” nəhayət ki, dünən rəsmən bağlandı. Neçə ildən sonra məlum oldu ki, bu təşkilat Rusiya mədəniyyətinin təbliği adı altında xüsusi xidmət orqanlarına casusluq edirmiş. Əvvəlcə özlərini təmizə çıxarmaq istəyən “Rus Evi” sonda anladı ki, artıq çox pis yerdə ilişib. Qısa müddətdə mərkəzin casus fəaliyyəti ifşa olundu. Çox dirəşdilər, özlərini “sudan quru” çıxarmaq üçün çabalasalar da, gördülər ki, mümkün deyil. Çünki himayədarları da bu dəfə imdada çatmadı.  Məcbur qalıb deşifrə olduqlarını etiraf etdilər.

Dünən bütün günü bir neçə dəfə bəyanat yayan “Rus Evi” gördü ki, axırda vəziyyət həqiqətən “rusca”dır. Gün ərzində medianın suallarından yayındılar, qapıları bağladılar, heç kimin girişinə icazə vermədilər ki, bəlkə məsələ unudula. Bir də xəbər tutdular ki, artıq özləri ilə yanaşı, onlara xidmət edən, vaxtilə Azərbaycanda ən yüksək vəzifələrdə çalışan məmurlar da deşifrə edildi. Çarəsiz qalıb təslim oldular. Mərkəzin fəaliyyətini dayandırmaqla özləri etiraf etmiş oldular ki, həqiqətən də casusluqla məşğul olublar. Və dünən fəaliyyətlərinə son qoydular. Təşkilatın yerləşdiyi məkan dərhal boşaldıldı.

Məlum oldu ki, “Rus Evi”nin Azərbaycandakı casusları da babat adamlar imiş. Uzun müddət Prezident Administrasiyasına rəhbərlik edən “boz kardinal” ləqəbli hegemon Ramiz Mehdiyev, illərlə ölkənin xarici işlər naziri olmuş Elmar Məmmədyarov, sabiq gənclər və idman naziri, mərhum Azad Rəhimov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və sair.

Ən maraqlısı isə bilirsiniz nədi? Jurnalistlər Əbülfəs Qarayevlə əlaqə saxlayıb, adının casus siyahısında olduğu barədə iddialara cavab verməsini istəyiblər. Onun cavabı "ölkədə yoxam, xaricdəyəm, qayıdıb, araşdırıb, açıqlama verərəm", - olub. Yəni, iddiaları təkzib etməyib.

Adam necə özünü itiribsə, elə bilib ki, yenə nazir vəzifəsindədir və hansısa mədəniyyət müəssisəsinin bağlanmağından söhbət gedir. "Qayıdıb, araşdıracağam", - nə deməkdir? Millət araşdırıb, bu adamın casusluğunu üzə çıxarıb, özü isə deyir ki, qayıdıb, araşdıracaq. Nəyi araşdıracaqsan? Özünün casus olub-olmadığını? Qurbanolduğum yaradıb, amma izləmir...

Hə, indi “Rus Evi”nin olduğu məkan tam yiyəsizdir. Yiyələri və himayədarları ifşa ediləndən sonra dəvəsi ölmüş ərəb kimi boynu bükük qaldı. Yiyələri, himayədarları vəzifədən də getdi, iç üzləri də açıldı. Nəticədə “Rus Evi” yetim qaldı. Vaxtının hegemon “Rus Evi” indi Rusiya küçələrindəki "alkaş-bomj"ların taleyini yaşayır. Tüfeyliyə çevrilən “Rus Evi”nin nə dədəsi var, nə nənəsi. Biz tərəfdə belələrinə “yiyəsi ölmüş” deyirlər. Həqiqətən də indi bu təşkilatın adı yiyəsi ölmüş “rus evi”dir.

Samir Əli