Close

Ermənistan müharibəyə hazırlaşır? - Bunun üçün 7 il keçməlidir

Fransa Ermənistana veriləcək 26 ədəd "Bastion" zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin, Paris artıq İrəvana 12 ədəd "Sezar" artilleriya qurğusu ötürüb. İlin sonunadək daha 24 belə silah Ermənistana veriləcək. Ermənistan müharibəyə hazırlaşır?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərli bildirib ki, Fransa iki ildən artıqdır, Ermənistanla aktiv hərbi əməkdaşlıq edir: “2020-ci ildə tərəflər arasında hərbi anlaşmalar başlayıb. Bu, o deməkdir ki, həm Parisdə, həm də İrəvanda imzalanmış sənədlər həyata keçirilir. Bundan sonra da Fransa Ermənistana müxtəlif silahlar satacaq. Ona görə, İrəvana həm “Sezar” artilleriya qurğuları çatdırılıb, həm də Ermənistan hərbçiləri Fransa hərbçiləri ilə bərabər təlimlər keçir.

Hesab etmirəm ki, Ermənistan müharibəyə hazırlaşır. Amma Ermənistan revanşist dövlətdir, onlardan hər zaman hər şeyi gözləmək olar. Ermənistan istənilən vaxt ya Fransanın, ya Amerikanın, bəlkə də Rusiyanın təxribatlarını həyata keçirmək üçün hansısa hərəkət edə bilər. Amma Ermənistan reallığı bilir ki, ölkənin hazırkı rəhbərliyi dönəmində bir daha müharibə ab-havası olmayacaq. Düzdür, daxili auditoriyaya hesablanmış bəzi bəyanatlar olur. Amma Ermənistanın bu gün Azərbaycanla baş-başa gələcək bir ordusu yoxdur. Orada ordunun formalaşması üçün ən az 7-10 il vaxt lazımdır. Çünki 2020-ci ildə çox ağır zərbələr alıblar, Qənimətlər Parkında olan silah və texnikaların tam əksəriyyəti Ermənistan Silahlı Qüvvələrinin bir vaxt güvəndiyi silahlardır”.

Ekspert hesab edir ki, bundan sonra da tərəflər arasında əlaqələr davam edəcək: “Hazırda Ermənistanın müdafiə naziri Hindistandadır. Bu iki ölkə hərbi sahədə əməkdaşlıq edir. Düşünürəm ki, Ermənistanın Fransa ilə hərbi-texniki əməkdaşlığı bizdə təəccüb doğurmalı deyil. Biz öz işimizi görməliyik və görürük. Azərbaycanın dövlət büdcəsindən 2025-ci il üçün müdafiə və təhlükəsizlik sektoruna əlavə vəsaitlər ayrılıb. Bu da regionda Ermənistan və Ermənistan ətrafında baş verən proseslərlə bağlıdır”.