Həcc ziyarətinə sənəd qəbulu bu tarixdə başa çatır
![](/upload/files/up6/2025/02/8eb768ca7dacc3ef7149fd57c4c18bd2.jpg)
Bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün sənəd qəbulu davam edir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri TNS-ə bildirib ki, bu il nəzərdə tutulan kvota ötənilkindən azdır, yerlər məhduddur: “Builki kvota ötən ildən daha az nəzərdə tutulub. Ayrılan yerlərin təxminən yarısı üçün artıq sənədlər qəbul olunub. Yerlər dolan kimi sənəd qəbulu başa çatacaq”.
Qeyd edək ki, bu il ziyarətə nə qədər insanın gedəcəyi hələ ki, açıqlanmayıb.
Ötən il Azərbaycandan Həcc ziyarətinə 1500 nəfər getmişdi.
Bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Xatırladaq ki, bu il Həcc ziyarəti may ayının sonu iyunun əvvəlində həyata keçiriləcək.
Aygün