"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür"
![](/upload/files/up4/Xeberler/Gundem/2025/02/simal-cenub.jpg)
“Azərbaycan, İran və Rusiyanın əməkdaşlıq etdiyi beynəlxalq nəqliyyat dəhlizi uzun illər davam edir”.
Bunu TNS-ə “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
Siyasi şərhçi bildirib ki, İran ərazisində Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi yubadılır, məlum olmayan səbəbdən gecikdirilir: "Bu xəttin açılması təkcə Azərbaycan yox, Rusiya və İran üçün də əhəmiyyətlidir. Onlar tranzit xətlərinin keçdiyi ölkə rolunda da çıxış etmək istəyir. Ehtimal olunur ki, bu xətt Asiya ölkələrindən, yəni Hind okeanından İrana, İrandan Azərbaycan vasitəsilə Rusiyaya, Rusiyadan isə Avropaya keçə bilər. Daha doğrusu, Finlandiyaya qədər uzanar. İran ərazisinə çəkilən dəmiryol xəttinə Rusiya da sərmayə qoyub. 20 ildən çoxdur ki, bu xəttin çəkilməsində ləngimə baş verir. Amma Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi region ölkələri, o cümlədən Azərbaycan, Rusiya və İran əməkdaşlığına müsbət təsir göstərə bilər. Bu, iqtisadi əməkdaşlığa, iqtisadi əlaqələrin genişlənməsinə, eyni zamanda siyasi münasibətlərə də təsir göstərəcək. Cənubi Qafqazda siyasi balansın dəyişməsindən söhbət gedirsə, o halda təbii ki, Azərbaycan daha üstün mövqeyə malik olur. Çünki Rusiya təbii qazının Azərbaycan ərazisindən İrana tranzit olaraq ötürülməsi də Azərbaycanın münasibətlərdə oynadığı rolunu göstərir".
S. Soltanın sözlərinə görə, Azərbaycanın iştirakı olmadan bu layihələrin reallaşması mümkünsüzdür: "İran Ermənistanda da Şimal-Cənub dəhlizi adlı bir qondarma ideya irəli sürür. Amma Azərbaycansız bunlar reallaşa bilməz. Çünki Azərbaycanın iştirakı ilə reallaşan layihələr həm qlobal, həm də regional baxımdan uğurlar əldə edir. Məsələn, Bakı-Tiflis-Qars dəmiryol xətti, Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP və sair. Bütün bunlar Azərbaycanın regionda aparıcı rol oynadığını təsdiqləyir. Yəni, İran, Rusiya və Azərbaycan arasında nəzərdə tutulan layihənin reallaşmasında da açar rolunu Azərbaycan oynayır".
Ayşən Azadova