Hara gedirik?
![](/upload/files/up6/2025/01/b745d157-d7ad-4143-8043-61a0681b6ef2.jpg)
90-cı illər idi. Kənddə bir qohumumuz arıqlamışdı. Qohum-əqrəba, qonşular, yaxınlar onun dərdini çəkirdi. Adamı aparmadıqları həkim qalmamışdı. Bütün həkimlərə yoxlatdırdılar ki, bəs, adama nəsə olub, arıqlayıb. Arıqlamaq pis xəstəliklərin gəlişinə işarə idi o vaxt. Ona görə də yeyib, kökəlməyən insanlara xəstə kimi baxırdılar. Amma indi...
İndi kökəlmək ən pis xəstəlik deməkdir. Kimdəsə azacıq qarın görən kimi başlayırıq ki, arıqla, özünü həkimə göstər, nə bilim nə. Xüsusən, xanımlar kökəlməkdən qorxurlar. İdman, SPA, nə bilim nə. Gündə bir dəfə yemək, hərəkət, piyada gəzmək, çörəkdən imtina.
Yadımdadır, 80-ci illərdə piyada gəzənlər, fiziki işdə işləyənlər tez qocalırdı. Məsələn, traktorçu, fəhlə, kolxozda sürücü, sağıcı, çoban və sair tez yaşlanırdı. Vəzifədə işləyən, səliqəli geyinən insanlar cavan qalırdı. Deyirdilər ki, əziyyətli işdə işləyənlər daha çox enerji itirir, fiziki işlərlə çox məşğul olur və ona görə də orqanizm tez zəifləyir. Amma vəzifədə işləyənlər, günü xoş keçənlər yaxşı qidalanır, istədikləri cür yeyib-içir və özlərini gümrah hiss edirlər. Bir sözlə, yekəqarın insanlara yeyib-içən, arıq, zəif insanlara isə kasıb, imkansız kimi baxırdılar. İndi isə tam tərsinədir. Yekəqarın insanlara "xəstə", - deyirlər. Bu gün imkanlı şəxslər, məmurlar və sair yüksək təbəqənin insanları kökəlmənin qarşısını almaq üçün müxtəlif müalicələr alırlar.
Bilirsiniz niyə belədir? 80-90-cı illərdə yediyimiz yeməklər, aldığımız ərzaqlar, yağlar heç biri təbii deyildi. O vaxt tam təbii nehrə yağından da çox istifadə etmirdik, qaçırdıq mağazalara. İnsanlar mağaza yağını alırdı ki, həmin yağlar zavodlarda hazırlanır, təmizlənir, sonra satılır. Guya ki, nehrə yağının tərkibində ayran və digər məhsullar qalır, bu da insan orqanizmində maddələr mübadiləsini pozur, orqanizmin inkişafına, insanların kökəlməsinə mane olur.
İndi yediyimiz yağların əksəriyyətinin tərkibində soya və digər maddələr o qədərdir ki, nehrə yağını əlbəəl axtarırıq.
Hələ bu harasıdır? Bu gün Gədəbəy kartof, Zirə pomidor, Sabirabad qarpız, Kürdəmir yemiş, Ağdam soğan, Göyçay nar, Bakı kəndləri isə göyərti tapmır. Tapmır, o demək deyil ki, yoxdur. Var, amma o deyil. Vaxtilə kartof almaq istəyəndə yalnız Gədəbəy sortu seçirdik ki, bu məhsullar keyfiyyətli olur. Çünki kartofun inkişafı üçün yalnız bu rayon əlverişlidir. Pomidor Zirə qəsəbəsində ona görə yetişirdi ki, burada məhsuldarlıq daha çox olur. Göyçay, Kürdəmir, Ağdam, Sabirabad və digər rayonlar da həmçinin. Amma indi gədəbəylilər Gədəbəy kartofu, göyçaylılar Göyçay narı, ağdamlılar Ağdam soğanı, sabirabadlılar isə qarpız üzünə həsrətdir. Çünki bütün məhsulların toxumları xaricdən gətirilir, “tezyetişən” adı ilə ölkənin hər yerində yetişdirilir. İndi kartof ölkənin az qala, bütün rayonlarında əkilir, nar, soğan, qarpız, göyərti və sair də həmçinin. Çünki Azərbaycana gətirilən toxumların əksəriyyəti, bəlkə də hamısının tərkibi dəyişdirilib. Ona görə də həmin məhsullar hansı rayonda istəsən, yetişir. Biz isə bu məhsulları ilin bütün fəsillərində yeyirik. O vaxt hər məhsulun öz yetişmə mövsümü var idi. Amma indi yoxdur. Bütün kənd təsərrüfatı məhsullarını ilin hər fəsillərində əldə etmək olur. Bu da ondan xəbər verir ki, qəbul etdiyimiz qidaların heç biri orqanik, təmiz deyil. Tərkibi dəyişdirilmiş məhsulları qəbul etməyimiz isə orqanizmdə maddələr mübadiləsini nəinki pozur, hətta məhv edir. Nəticədə lazımsız piylənmələr, ağır xəstəliklər yaranır. Sonra da deyirik ki, niyə xərçəng, vərəm, şəkərli diabet və digər ağır xəstəliklərə tutulanların sayı artır.
Məncə, artıq suala ehtiyac yoxdur. Zəmanənin tərsinə dövr etməsinin səbəbi məhz budur. Maraqlıdır, bu proses nə vaxta qədər davam edəcək? Bu gedişlə hara gedirik? Bütün dünyada baş alıb gedən viruslar, xəstəliklərin yaranma səbəbləri də elə həmin prosesin nəticəsidir. Tərkibi dəyişdirilmiş toxumların yayılması insanları tədricən məhvə sürükləyir.