"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..."
“Bu cür hadisələr onu göstərir ki, hələ də bir sıra radikal qüvvələr ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif hazırlıqlar görür”.
Bunu TNS -ə deputat Ceyhum Məmmədov deyib.
Azərbaycanda beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülməsi, əməliyyatlar keçirməsi barədə danışan deputat qeyd edib ki, adətən bu cür qruplar xaricdən maliyyələşir: “Yəni bir ölkələrdə belə qurumlar var. Onlar Azərbaycanda, digər ölkələrdə də, xüsusilə də müsəlman dövlətlərdə bu cür qrupların maliyyələşdirilməsi üçün müxtəlif addımlar atırlar. İstintaq nəticəsində həmin qruplaşmanın haradan maşiyyələşməsi də müəyyənləşəcək. Bu cür qrupların region dövlətləri tərəfindən də maliyyələşdirilməsi ilə bağlı faktlar ortaya çıxa bilər. Yəni, bu məsələ tam çılpaqlığı və dəqiqliyi ilə araşdırma aparıldıqdan sonra məlum olacaq. Nəticələr barədə təbii ki, insanlarımıza ətraflı məlumat veriləcək. Bu, çox ciddi və olduqca önəmli məsələdir. Belə hadisələr onu göstərir ki, hələ də bəzi dövlətlər ölkəmizə qarşı müəyyən tədbirləri həyata keçirməyə çalışırlar. Dövlətimiz də bu cür addımların qarşısını alır və tədbirlər görür".
Qeyd edək ki, DTX və DİN-in Qusarda həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə 8 terrorçu məhv edilib.