“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib”
“Ruben Vardanyan dövlətimizə və xalqımıza qarşı ağır cinayətlər törətməkdə təqsirləndirilir. O, uzun müddət Rusiyada yaşayıb və “qara” biznes fəaliyyəti ilə məşğul olaraq, milyardalar əldə edib”.
Bunu TNS-ə politoloq, vəkil Yalçın Hacızadə deyib.
Y. Hacızadə bildirib ki, onun adı ofşor zonalarda çirkli pulların yuyulmasında hallanır: “Qarabağa da Rusiyanın adamı kimi göndərilmişdi. Məqsəd separatçılığın davam, inkişafı etdirilməsi idi.
Lakin Azərbaycan dövləti Vardanyan və onun kimiləri qısa müddətdə onları zərərsizləşdirdi. Vardanyan həm də Ukraynada ölkənin milli təhlükəsizlik və sair ağır cinayət əməllərini törətməkdə təqsirləndirilib, axtarışa verilib. O, Rusiyanın 2014-cü ildə Krımı işğalından sonra Ukrayna ərazisində separatizmi maliyyələşdirməkdə ittiham olunur. Rusiyaya tətbiq olunan sanksiyalardan yayınmaq, qızıl, almaz və digər qiymətli malların gizli daşınmasında və Rusiyanın işğalçılıq fəaliyyətinin maliyyələşdirilməsində onun şirkətlərindən istifadə olunduğu deyilir”.
Yalçın Hacızadənin sözlərinə görə, Vardanyanın adı eyni zamanda Rusiyanın Krımı işğal etdikdən sonra ABŞ dövləti tərəfindən sanksiyaya məruz qalan şəxslərin siyahısına da salınmışdı: “Beynəlxalq miqyaslı cinayət şəbəkəsinə malik olan, dövlətlərin və xalqların məhv edilməsində əli olmasında təqsirləndirilən, öz adını Amerika dövləti tərəfindən sanksiyaya məruz qalmış şəxslərin siyahısından çıxara bilən Vardanyanın əməllərinə hüquqi qiymət vermək üçün məhkəmə qarşısına çıxarmağımız dövlətimizin gücünün göstəricisidir”.
Qeyd edək ki, Ukraynanın xalq deputatı, Ali Radanın Müvəqqəti İstintaq Komitəsinin sədri Anna Skoroxod Ruben Vardanyanın təkcə Qarabağdakı əməllərinə görə deyil, həm də Ukraynadakı hərəkətlərinə, Rusiyaya qarşı təcavüzü maliyyələşdirdiyinə görə də cəzalandırılmalı olduğunu bildirib.
Ayşən Azadova