Ağcabədidəki partlayışın günahkarı kimdir? - Qumbaranı zibilliyə atan şəxs...
Ötən həftə Ağcabədi rayonunun Hindarx qəsəbəsində ağır faciə baş verib. Qəsəbədəki evlərdən birində əl qumbarasının partlaması nəticəsində bir ailənin 5 üzvü həlak olub.
Hadisənin uşaqların zibillikdə taparaq, evə apardığı vasitədən baş verməsi məsələnin ciddiyyətini bir daha ortaya qoyur. Xüsusilə, bölgələrdə bu problem aktualdır və heç kim belə bir hadisənin təkrarlanmayacağına zəmanət verə bilmir.
Əslində, problem nədədir? İnsanlar əllərində olan və ya hardansa tapdıqları silah-sursatla necə davranmalıdırlar?
Mövzu ilə bağlı TNS-ə danışan hərbi məsələlər üzrə mütəxəssis Üzeyir Cəfərov bildirib ki, prosesin idarə olunması üçün ilk növbədə hadisələrə yanaşma dəyişməlidir: “Hansısa ərazidə silah-sursat tapılması ilə bağlı tez-tez eşidirik. Bu, təbii haldır. Çünki biz müharibədən yeni çıxmış ölkəyik. Qarabağ işğaldan yeni azad olunub. 30 ildə silah-sursat müxtəlif yollarla şəhər və rayonlara yayıla bilib. Bəzən bu silah-sursatın acı fəsadlarını da görürük. Ağcabədidə baş verən məlum faciə də hər birimizi sarsıdır. Bir ailənin beş üzvünün faciəli şəkildə həyatını itirməsi adi bir hadisə deyil. Əl qumbarasını zibilxanaya atan məsuliyyətsiz insan onu hüquq-mühafizə orqanlarına təhvil verə bilərdi. Bəlkə də hüquq-mühafizə orqanlarında sorğu-suala cəlb olunmaqdan çəkinib. Nəticə isə bu qədər ağır olub.
Hələ əllərdə xeyli yığılmamış silah-sursat var. Bu, o deməkdir ki, belə hadisələrin təkrarlanma ehtimalı var”.
Ü. Cəfərov bildirib ki, bu kimi halların qarşısını almaü üçün maarifləndirmə işini gücləndirmək lazımdır: “Televiziyalarda şou proqramlarını azaldıb, maarifləndirmə işi aparmaq lazımdır. İnsanlara müraciət etmək lazımdır ki, əllərində olan silahı, partlayıcı maddələri təhvil versinlər. Hüquq-mühafizə orqanları ictimaiyyətlə yaxından işləməlidir. Sahə müvəkkiləri, polis şöbə və idarələri, bələdiyyələr, yerli icra orqanları insanlarla işləməlidir və proses sürətlənməlidir. Belə olmasa, hələ çox bəla ilə üzləşə bilərik. Amma inanıram ki, bu sahədə tez bir zamanda müsbətə doğru dəyişiklik olacaq. Onu da deyim ki, hər bir silahın üzərində konkret seriyası var və bu yolla tapılan silahın hansı quruma məxsus olduğu bilinir. Bəzən olur ki, silah nömrəsinin silindiyini deyirlər. Bu da ola bilər, amma yenə də bu amildən sui-istifadə etmək olmaz. Bu məsələyə liberal yanaşmalı, həm də qanunu liberallaşdırmalıyıq”.
Aygün