"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır"
Avropa İttifaqının Ermənistandakı "müşahidəçilər"inin bu ölkədə fəaliyyətinin müddəti 2027-ci il fevralın 19-dək uzadılıb.
Azərbaycana qarşı "binokl diplomatiyası" həyata keçirən Aİ missiyası məkrli oyunlarından nə vaxt əl çəkəcək?
Siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu TNS-ə bildirib ki, Aİ-nin Ermənistana mülki missiya göndərməsinin heç bir əsası yoxdur: “Azərbaycan tərəfi ədalətli şərtlər irəli sürüb. Bu şərtlərə uyğun olaraq, tərəflər arasında sülh müqaviləsi imzalana bilərdi. Avropa İttifaqı mülki missiyanı göndərməklə əslində münaqişənin aradan qalxması faktını qəbul etmədiyini göstərir. Azərbaycan öz gücü hesabına münaqişəni aradan qaldırıb və torpaqlarını işğalından azad edib. Sadəcə olaraq sülh müqaviləsinin bağlanılması imkanlarından yararlanmaq lazım idi. Bu imkanları da Azərbaycan yaratmışdı və birinci missiya sona çatdıqdan sonra Avropa İttifaqı Azərbaycanla heç bir məsləhətləşmə aparmadan ikinci missiyanı Ermənistan ərazisinə göndərdi. Bununla da Qərb özünün hərbi mövcudluğunu Ermənistanda təyin etmiş oldu. İnformasiyalara əsasən, mülki missiyanın tərkibi Almaniyanın və Fransanın strukturlarının təmsilçilərindən ibarətdir. Sonra Kanada da prosesə qoşulmaq istəyini nümayiş etdirdi. Yəni, bu, o deməkdir ki, NATO mülki missiya adı altında öz mövcudluğunu regionda Ermənistan vasitəsilə təmin edib. Bu da bütövlükdə region üçün təhlükəlidir. Çünki Qərb Cənubi Qafqaz regionuna özünün geosiyasi mübarizəsinin bir meydanı kimi baxır. Təbii ki, bu mübarizəni həyata keçirmək istiqamətində addımlar atılan zaman bütün region ölkələri əziyyət çəkə bilər. Ona görə də Avropa İttifaqı Ermənistanla əməkdaşlığını başqa formada qurmalıdır. Bu gün mülki missiyanın geri göndərilməsi baş tutmuş olsaydı, onda deyərdim ki, Avropa İttifaqı Ermənistanla münasibətlərini artıq fərqli formada qurur, region üçün təhlükə yoxdur. Amma faktiki bu gün mülki missiya Ermənistan ərazisində fəaliyyətini davam etdirməkdədir. Ona görə də Avropa İttifaqının hələlik konstruktiv yanaşmasından danışmaq üçün əsaslar mövcud deyil”.
Politoloq sözlərinə görə, Aİ ümumilikdə Cənubi Qafqaz regionunda gərginlik elementlərinin qalmasında maraqlıdır: "Xatırlatmaq istəyirəm ki, ötən il aprel ayının 5-də Brüsseldə Ermənistan Baş nazirinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və ABŞ-nin həmin dövrdə dövlət katibi olan Entoni Blinken arasında görüşü baş tutub. Bu görüş zamanı Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsi məsələsi ətrafında müzakirələr aparıldı. Avropa Parlamentinin də Azərbaycana qarşı qərəzli müzakirələr aparması və qətnamələr qəbul etməsinin şahidi olduq.
Sözsüz ki, Cənubi Qafqaz regionunda konstruktiv əməkdaşlıq imkanları böyükdür. Region ölkələri belə bir əməkdaşlığın tərəfdarı ola bilərlər. Amma Ermənistanla Qərb arasındakı əməkdaşlığın xarakteri bu barədə nikbin danışmağa əsas vermir".
Ayşən Azadova