Close

Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - FOTO

"Rusiya dövlətinə birbaşa bağlı olan media orqanlarında Azərbaycan əleyhinə təbliğat aparılır, dezinformasiya yayılır".

Bunu TNS-ə millət vəkili Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan-Rusiya münasibətləri öz xarakteri etibarilə strateji mahiyyət kəsb edir: "Artıq üç ilə yaxındır ki, münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırmışıq və Azərbaycan öz şimal qonşusu ilə mehriban qonşuluq siyasətinə sadiqdir. Amma təəssüf ki, son zamanlar rəsmi Moskvanın davranışı heç də müttəfiqlik münasibətlərimizin səviyyəsinə uyğun gəlmir. Xüsusilə də, məlum təyyarə qəzasından sonra Kremlin davranışı təəccüb və təəssüf hissi doğurur. Düzdür, Rusiya Prezidenti Vladimir Putin iki dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevə telefon zəng etdi, üzrxahlıq bildirdi. Amma hadisənin məhz Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq etdi. Halbuki, cənab Prezident də söylədi ki, məhz Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri mülki təyyarəni vurub və bu, qəsdən edilməyib. Amma istənilən halda məsuliyyətsiz addıma və hadisədə cinayət tərkibinin olmasına görə günahkarlar cəza almalıdır. Lakin biz rəsmi Moskvadan belə bir davranış tərzi görmürük. Hər şeyi “qara qutular”ın açılması ilə əsaslandırırlar. “Qara qutular” ilə bağlı proses də demək olar ki, bitib və yaxın zamanlarda nəticələr ictimaiyyətə açıqlanacaq".

E. Nəsirov bildirib ki, Rusiya mətbuatında ölkəmiz haqqında feyk məlumatlar yayılır, rusiyalı jurnalistlər, politoloqlar və digər sahənin adamları öz çıxışlarında Azərbaycan dövləti əleyhinə həqiqətəzidd fikirlər səsləndirirlər: “Bu, qəbuledilməzdir və qeyd etdiyim kimi, bizim münasibətlərimizin xarakterinə ziddir. Haqlı olaraq, Azərbaycan tərəfi bu kampaniyaya son qoyulmasını tələb edir. Azərbaycan səfiri Rusiya XİN-ə, Rusiya səfiri Azərbaycan XİN-ə dəvət olunub. Biz istəyərdik ki, rəsmi Moskva üzərinə düşən öhdəlikləri yerinə yetirsin, Azərbaycanla bağlı bu qarayaxma kampaniyasına son qoyulsun. Bu, heç bir halda bizim münasibətlərimizə uyğun gəlmir. Rusiya əleyhinə nə qədər sanksiyalar tətbiq edilir. Bu reallıqda Azərbaycan dövləti heç bir sanksiyaya qoşulmayıb. Çox istərdik ki, tezliklə Rusiyanın müvafiq dövlət qurumları, siyasi rəhbərliyi vəziyyəti düzgün təhlil edib, düzgün nəticələr çıxarsın. Rusiyanın Azərbaycan kimi ölkə ilə münasibətlərini korlaması deyil, əksinə, daha da yaxşılaşdırılmasına xidmət edən addımlar atacağını gözləyirik".

18c7fdc6-2791-4fad-ade3-000d0670809e

Ayşən Azadova