Kaş ki, bələdiyyə seçkiləri ildə iki dəfə keçirilə...
Sabah ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Digər seçkilərdən fərqli olaraq, bələdiyyə seçkilərinə maraq o qədər yüksək olmasa da, əhali arasında narahatlıq yaşayanlar var. Məsələn, biri elə Abşeron rayonu Mehdiabad qəsəbəsinin sakinləri...
Niyə də narahat olmasınlar? Son bir-iki aydır, məhəllələrdə zibil qalaqları, küçə boyu hasarlardan sallanan tullantı torbaları gözə dəymir. Qəsəbə sakinlərinin artıq çoxdan alışdığı bu vəziyyətin aradan qalxmasına nəyin səbəb olduğunu əvvəl başa düşmədim. İçin-için sevinməyə başladım. Çünki bu qəsəbədə, xüsusilə həyət evlərinin tullantı atdığı məkanlardan zibilin yığılması ayda bir baş verər, ya yox. Qəsəbənin uzun küçələri boyunca gedəndə qala divarları kimi çəkilmiş hasarların üzərindən zibil doldurulmuş kisələr asılır. Yaz-yay fərqi yoxdur. Sakinlərin bu “ixtirası” səbəbsiz deyil. Çünki yerə qoyduqları zibil torbalarını sürü ilə küçədə gəzən itlər ətrafa dağıdır. Çarəsiz qalan insanlar zibilləri möhkəm torbalara doldurub hündür yerdən asırlar ki, xoşagəlməz mənzərənin qarşısını alsınlar. Yay aylarında bu küçələrdən keçəndə tullantının iyindən nəfəs almaq olmur. Yaxud da qəsəbənin düz mərkəzində yerləşən çoxmənzilli yaşayış binalarının qarşısını götürək. Bir-iki sınıq-salxaq zibil qutusuna o qədər çox tullantı atılır ki, ətrafda dözülməz çirkab əmələ gəlir. Tullantıların suyu, milçəklər, iy. İndi hünərin var, həmin dar yollardan rahat keç...
Üstəlik də Abşeron kimi küləkli bir yerdə. Göydə uçuşan sellofon torbaların başınıza keçməsinin qarşısını almaq xüsusi ustalıq tələb edir. Bax belə...
İndi keçək, sakinlərin bələdiyyə seçkiləri ilə bağlı narahatlığının kökündə duran məsələyə.
Bir neçə aydır, sakinlərin axşam bayıra qoyduğu tullantı torbaları səhər “yoxa çıxır”. Ətrafda zibil görməyə alışan sakinlərə bu vəziyyət qəribə gəlib. Araşdıranda öyrəniblər ki, bu xoşbəxtliyin kökündə bələdiyyə seçkiləri dayanır. Seçkilər söhbəti çıxandan tullantılar vaxtında daşınır, təmizliyə ciddi əməl olunur.
Görünür, bələdiyyələr təbliğat kampaniyaları üçün bundan başqa yol tapmayıblar. Uzun illərdir, var olmalarına baxmayaraq, ölkədə müstəqil institut kimi formalaşmayan, daha çox yerli icra hakimiyyətlərinin qolu qismində fəaliyyət göstərən bələdiyyələri qınamaq da olmur.
Yeri gəlmişkən, ölkədə ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Həmin vaxt seçici fəallığı 52,9 faiz olaraq qeydə alınıb. 2019-cu ildə, yəni sonuncu seçkilərdə bu göstərici 32,9 faizə düşüb.
Bu dəfə 5 milyon seçicidən neçə faizinin səs verəcəyi hələ məlum olmasa da, ab-havadan görünən odur ki, yüksək rəqəmlər gözə dəyməyəcək. Bəzən adları daha çox torpaq satmaqla məhşurlaşan bələdiyyəmizə Türkiyə bələdiyyə sistemi nümunə göstərilir. Müqayisə ağılasığmazdır.
Türkiyənin tək İstanbul bələdiyyəsinin büdcəsi Azərbaycan dövlət büdcəsinin 60 faizi qədərdir. Bu rəqəmlər qarşısında müqayisə aparmaq yersizdir. Demirik ki, o bələdiyyələr qədər olsun. Ən azından bələdiyyə özü bir struktur kimi formalaşmalıdır, ya yox?
25 ildən artıqdır, fəaliyyət göstərən bir nəsnənin, hələ də tam olaraq nə ilə məşğul olduğu aydınlaşmayıbsa, o zaman kimlərinsə bu vəzifələri tutmasının mahiyyəti nədir? Seçkidən seçkiyə kustar üsulla “lapetin” arxasına əllə zibil torbaları yığıb aparmaq?
Amma necə deyərlər, hər şərdə bir xeyir var. Ən azından bir müddətdir, zibil qalaqları görmürük. Buna da şükür...
Aygün