“Bakıdakı “Rus evi”ni kəşfiyyat mərkəzinə çevirən Moskva Xankəndidə nə edər?”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay Azərbaycana planlaşdırılan səfəri həssas dövrə təsadüf edəcək”.
TNS xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Rusiya və İranın Azərbaycana qarşı təxribatlarını artırdıqları dövrdə ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırması vacibdir: “Türkiyə Prezidenti Azərbaycana səfəri zamanı Xocalıya gedəcək. Bu, Ərdoğanın iştirakı ilə Şuşada Türkiyənin konsulluq xidmətinin açılması üçün yaxşı fürsətdir. Konsulluq üçün böyük bina tələb olunmur. Şuşada olduğum sırada orada müharibə zamanı zərər görməyən iki mərtəbəli evlər gördüm. Onlardan birinin konsulluq üçün münasib yer olacağı qənaətindəyəm. Hazır məkan tapmaq mümkün deyilsə, konsulluq binasının təməlatma mərasiminin keçirilməsi də mümkündür”.
Politoloq Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyinə dəvət edən və Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirən nazir müavini Mixail Qaluzin ötən ilin iyun ayında verdiyi bir açıqlamanı xatırladıb: “O bildirmişdi ki, Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir. Qaluzin Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını nəzərdə tuturdu. Təyyarə olayından sonra Xankəndidə Rusiyanın konsulluq xidmətinin açılması mümkün deyil. Bakıdakı “Rus evi”ni kəşfiyyat mərkəzinə çevirən Moskva Xankəndidəki “konsulluq xidmətini” daha betərinə çevirər. Azərbaycan ərazisində Rusiyaya aid bu kimi mərkəzlərin sayı nə qədər az olarsa, bizim üçün milli və təhlükəsizlik baxımından bir o qədər faydalıdır. Bunun qarşılığında Türkiyə ilə ittifaq gücləndirilməli, Şuşada qardaş dövlətin konsulluq xidmətinin fəaliyyəti təmin edilməlidir. Bu, Azərbaycanın həm də Rusiya və İrandakı mərkəzlərə tutarlı cavabı olar”.