Deputat: “Bu məsələdə Rusiyanın böyüklüyünü görə bilmədik”
“Azərbaycan mətbuatında gedən materiallar Rusiyanın xüsusilə, mərkəzi hakimiyyətin nəzarətində olan mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına adekvat reaksiyadır”.
Bunu TNS-ə açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan tərəfi hansısa yeni iddia ortaya qoymayıb: “Bu gün Rusiya mediasında aparılan təbliğatdan belə bəlli olur ki, Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən istənilən addıma qarşı göz yummalı, susmalı və bu qədər böyük faciənin üzərindən keçməlidir. Belə məsələlərdə dövlət əxlaqı vacib faktorlardan biridir. Yəni dövlətlərin böyüklüyü onların ərazilərinin böyüklüyü ilə ölçülmür. Bu, onların davranışlarında özünü münayiş etdirir. Təəssüflər olsun ki, biz bu yanaşmada Rusiya dövlətinin böyüklüyünü görə bilmirik. Böyük dövlət öz ərazisində mülki təyyarənin vurulmasına, günahsız insanların həlak olmasına kifayət qədər həssas yanaşmalı, humanist mahiyyətə malik hüquqi dövlət olduğunu göstərməlidir. Amma biz Rusiya tərəfindən bu yanaşmanı görmədik və indiki şəraitdə yalnız rus mətbuatında ölkəmizə qarşı həqarət dolu çıxışların şahidi oluruq. Məlumdur ki, xüsusilə də indiki dövrdə və informasiya təhlükəsizliyi ilə bağlı müxtəlif məhdudiyyətlər qoyulduqdan sonra Rusiyanın aparıcı media resurslarında, telekanallarında mərkəzi hakimiyyətin icazəsi, sifarişi olmadan heç bir addım atıla, Azərbaycana qarşı təbliğat aparıla bilməz. Bu, Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında bəyannaməyə, informasiya təhlükəsizliyi sahəsindəki əməkdaşlıq sazişinə tamam zidddir. Rusiya Azərbaycan haqqında nə mesaj vermək istəyir? Hansı mesajı ünvanlayır, hansı rəyin formalaşmasına cəhd göstərir? İki ölkə arasında münasibətlərin pozulması Rusiyada kimin maraqlarına xidmət edir? Azərbaycan səfirini XİN-ə çağırılmaq yerinə, xarici işlər naziri və ya Prezident Administrasiyasının vəzifəliləri öz nəzarətlərində olan, Kreml tərəfindən maliyyələşdirilən resursların rəhbərlərinə sual verməlidirlər ki, Azərbaycana qarşı niyə yalan, böhtan kampaniyası aparır?”