Close

Tehrandan geri addım – Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq?

“İran Azərbaycan ilə münasibətlərin normalaşmasına cəhd edir. Bu istiqamətdə yaranan maneələri aradan qaldırmağa çalışır”.

Bunu TNS-ə “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

O bildirib ki, bu maneələrdən biri Azərbaycanın Tehrandakı səfirliyinə terror hücum etmiş İran vətəndaşının cəzalandırılmasıdır: “Bildiyimiz kimi, Ərdəbilin imam cüməsinin bir müddət əvvəl Azərbaycan və Türkiyə əleyhinə təşkil etdiyi tədbir İran hakimiyyətini çətin vəziyyətdə qoydu. Rəsmi Tehran bu vəziyyəti düzəltmək üçün terrorçu Əli Hüseynzadə barəsində edam hökmünü təsdiqlədi”.

Siyasi şərhçi qeyd edib ki, Rusiya təbii qazının İrana Azərbaycan vasitəsilə ötürülməsi məsələsi, Baş nazirin müavini Şahin Mustafayevin Tehrana səfəri, orada Prezident Məsud Pezeşkian və digərləri ilə görüşlər keçirməsi də bu qəbildən olan addımlardır: “Yəni, Tehran hakimiyyəti ölkəmizlə bağlı buraxdığı səhvləri aradan qaldırmaq istiqamətində hərəkətə keçib. Hətta Məsud Pezeşkiana Prezident İlham Əliyevin salamları çatdırılıb, o, Azərbaycana dəvət olunub.

Pezeşkian COP29-a dəvət olunsa da, İsrail Prezidentinin tədbirdə iştirakını bəhanə göstərərək, Bakıya gəlmədi. Yaxud, seçkiqabağı türklüyünü önə çıxaran, pafoslu çıxışlar edən Pezeşkian Türkiyəyə, Azərbaycana səfər edəcəyi ehtimal olunsa da, seçiləndən sonra ilk rəsmi ziyarət etdiyi ölkə Tacikistan oldu. Bu, Pezeşkianın seçilməsindən çox mətləb umanları məyus etdi. Əslində burada qeyri-adi nəsə yoxdur. Pezeşkian hakimiyyətin cızdığı xətdən kənara çıxa bilməz.

ss18

İran hakimiyyətinin indilik münasibətlərin normallaşması üçün atdığı addım terrorçunun cəzasını təsdiqləmək oldu. Bu proses hələ davam edəcək. Çünki növbəti mərhələlərdə zərərçəkənlərin məhkəmədə iştirakı olmalıdır. Zərərçəkənlər onu bağışlayıb-bağışlamadıqlarını bildirməlidir. Tehran hakimiyyətinin əlbəttə ki, “ipinin üstünə odun yığılası” deyil.

İran hakimiyyətinin mövqeyi sabit deyil. Ölkənin Ali rəhbərinin təmsilçilərinin Azərbaycana qarşı tutduğu mövqe dəyişmir.

Şahin Mustafayevin İrana səfəri, digər məsələlər iqtisadi əlaqələrdir. Bu da iki tərəf üçün maraqlıdır. Azərbaycan-İran münasibətləri siyasi, ideoloji, sosial baxımdan düzəlməyib”.