Close

Baş nazirin başını itirməsi və ya Paşinyanın "nanay-nanay"siyasəti

Deyirlər filankəsin sonradan qeyrətə gəlməsi pis olur e, bax Nikol Paşinyan da onlardandı. Ermənistanın Baş naziri erməni müxalifətçilərinin hay-küyünə dözməyib, sonradan qeyrətə gəldi. Dünən adam görüb dözə bilmir, başlayıb ki, bəs, separatçı ”liderlər”in həbsi ilə bağlı bəyanat verə bilərəm. Amma...

Paşinyan istəyib ki, desin qorxuram, görüb bir az da hay-küy düşəcək, məsələ qızışacaq, deyib yox, qorxmuram. Deyib ki, mən bəyanat yaya bilərəm, amma bu, həmin separatçıların əleyhinə işləyər.

Baş nazir belə bir açıqlama verib: “Gördüyümüz mənzərələr narahatlıq doğurur, amma etiraf edim ki, biz bu vəziyyətə “zərər verməmək” məntiqi çərçivəsində yanaşırıq. Bu məsələ hər zaman diplomatik gündəmimizdədir və bundan sonra da nəticələr əldə etmək üçün səy göstərəcəyik. Mən vətənpərvərlik duyğularını təmin edən bəyanat verə bilərəm, lakin bu insanlar bunun təsirini və nəticələrini həbsxanada hiss edəcəklər”.

Lətifəsi Paşinyan istisna olmaqla, hamıdan uzaq, bir məsəl var e, itə deyirlər ki, niyə hürürsən? Deyir qorxuduram. Deyirlər bəs quyruğun niyə əsir? Deyir ki, həm də qorxuram. İndi Ermənistanın Baş naziri də həmin vəziyyətdədir. Separatçı “liderlər”i müdafiə edə bilmir, ona görə ki, artıq həyasızlıqları işə yaramır. Nəinki Qərb, Rusiya, hətta bacılığı Makron da erməni separatçıların konkret cinayətkar, cəllad olduğunu bilir, müdafiə etməyə yer qalmayıb. Bilir ki, onları müdafiə etsə, özünü yandıracaq. Ona görə də sakit durub. Amma bir tərəfdən də “millətçi” ermənilərin onu divara dirəməsindən qorxur deyə, onlara cinayətkar da deyə bilmir. Ona görə də, indi adam qalıb iki yol arasında – belə desə, dünya linç edəcək onu, belə desə, erməni müxalifəti. Paşinyan qalıb tən ortada. Molla Nəsrəddin demiş, arada ayağını çərçivədən kənara çıxarır ki, sizi müdafiə edirəm, görür ki, o tərəfdən hədə-qorxu gəlirlər, o saat qaytarır ayağını yerinə.

İndi də o, çıxış yolunu “nanay-nanay” deməklə erməniləri sakitləşdirmək istəyir. Səbəbini atır Azərbaycanın üstünə ki, bəs, bəyanat versəm, Azərbaycanda onların vəziyyəti yaxşı olmayacaq. Adam müxalifətin həssas yerindən vurmaq istəyib. Təkid eləsələr, deyəcək ki, baxın, siz dediniz, mən də bəyanat verdim, onlar da “zərər çəkdi”.

Paşinyan çox gözəl bilir ki, Azərbaycanda həbsdə olan erməni separatçı “liderlər”in saxlanma şəraiti tam standartlara uyğundur, normal şəraitdə qalırlar. Hətta ayda bir dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də onlara baş çəkir, ailələri ilə danışmasına şərait yaradır. Komitə hətta onlara ailələrinin göndərdikləri sovqatları, məktubları da vaxtında çatdırır. Bu barədə bir neçə dəfə sosial şəbəkələrdə də görüntülər yayılıb, separatçıların hansı şəraitdə saxlanılması hamıya məlum olub. Çünki Azərbaycan ermənilərdən fərqli olaraq həmişə humanizm prinsiplərini əsas tutub.

Odur ki, Paşinyan heç nəyi bəhanə edə bilmir, qalıb ortalıqda “nanay-nanay” deyə deyə.

Əslində separatçıların Ermənistana qayıtması onun sonunu gətirə bilər. Çünki həmin cinayətkar birlik mülki insanlara qarşı terror aktlarını törətmək tapşırığı verərkən Paşinyana arxalanmışdılar. Paşinyan da sonda məsuliyyəti üzərindən atıb, onları qurban verdi ki, guya onun bu məsələdən xəbəri olmayıb. İndi Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Ruben Vardanyan və digərləri Paşinyanın əlindən “zəncir gəmirirlər” ki, onları satan elə o olub. Ümid edirlər ki, nə vaxtsa cəzadan azad edilib Ermənistana qayıdacaqlar və Paşinyandan qisas alacaqlar. Paşinyanın əsas qorxduğu da elə budur. Bir tərəfdən Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyan kimi Xocalı cəlladlarının həbsinə qərar vermək istəyən Paşinyan, bu üsulla özünə təhlükəz yol açmaq istədiyi halda, bir yandan da bu cəlladlar çıxıb ortaya. Ona görə də bilmir necə eləsin ki, problemləri böyüməsin.

Bir tərəfdən də Paşinyanın Zəngəzur dəhlizi məsələsində “dalana dirənməsi” növbəti dərd olub. Ermənistanın Zəngəzur dəhlizinin açılması nəticəsində blokadadan çıxacağına tam əmin olsa da, erməni müxalifətinin onu “dalana dirəməsi” çıxılmaz vəziyyətdə qoyub. Nəticədə Baş nazir başını itirib. Elə ona görə də çıxış yolunu “nanay-nanay” siyasətində görür.

Samir Əli