“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar”
“Azərbaycan 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra dərhal sülh planlarını Ermənistana təqdim etdi və danışıqların ikitərəfli aparılmasının daha yaxşı nəticələr verəcəyini bildirdi”.
Bunu TNS-ə politoloq, vəkil Yalçın Hacızadə deyib.
Politoloq bildirib ki, rəsmi İrəvan vasitəçi ölkələrin bölgədəki maraqlarına söykənərək separatçılığı yenidən dirçəltməyə, sülh danışıqları ilə bağlı qeyri-səmimi davranmağa çalışır: “Azərbaycana təsir etmək istəyən ölkələrə Bakının verdiyi cavablar və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror əməliyyatı Ermənistanın separatçılıqla bağlı planlarını məhv etdi. Ermənistan ikitərəfli danışıqlar şərti ilə razılaşmalı oldu. Onun bu razılığı səmimiyyətə söykənmir, Azərbaycanın sülhə məcburetmə tədbirləri nəticəsində yaranıb.
Hazırda Ermənistanla danışıqlarda sərhədlərin müəyyənləşməsi üzrə razılıq əldə olunsa da, əsas şərtimiz olan Ermənistanın konstitusiyasının dəyişdirilməsi məsələsi açıq qalır.
Əlbəttə, ölkəmizin xarici siyasəti geniş vektorludur. Ona görə demək olmaz ki, bizim əsas işimiz və məqsədimiz Ermənistanla sülh razılaşmasının əldə olunmasına yönəlib. Qələbədən sonra qardaş Türkiyə, dünyanın super güclərindən olan Çinlə və bir çox Avropa ölkəsi ilə “Strateji tərəfdaşlıq” haqqında müqavilələr bağlamışıq. Biz ümidimizi Ermənistanla sülhə bağlamamışıq. Sadəcə olaraq, sülh razlaşmasının əldə olunmasında ölkəmizin məqsədi əldə etdiyi qələbənin rəsmiləşdirilməsi və sonra regionla bağlı beynəlxalq planlarının şaxəli şəkildə həyata keçirməsidir. Burda da əsas beynəlxalq plan Zəngəzur dəhlizidir”.
Yalçın Hacızadənin sözlərinə görə, Ermənistan daxili və xarici təzyiqlər səbəbindən sülh razılaşmasından yayınır: “Ermənistan nə qədər bizlə sülh razılaşmasının əldə edilməsini, qardaş Türkiyə ilə münasibətlərini bərpa etməsini gecikdirərsə, özü itirəcək. Yəni, dünyada artıq siyasi şərait, şərtlər tez-tez dəyişir. Ona görə bir müddətdən sonra bizim şərtlər Ermənistan üçün daha ağır ola bilər. Necə ki, zamanla bu şərtlər dəyişib. İkinci Qarabağ müharibəsindən əvvəl biz Ermənistana ən yüksək status təklif edirdik, razı olmadılar. Sonra ermənilərin Qarabağ ərazisində Azərbaycan vətəndaşı olaraq, yaşamalarını təklif etdik, istəmədilər. Nəticə də göz qabağındadır. Ona görə, kimin dəstəkləməsindən və silahlandırmasından aslı olmayaraq, bizimlə hər hansı münaqişəyə getməsi Ermənistanın sonu olar”.
Ayşən Azadova