Avropa İttifaqının missiyası sərhəddə nə qədər qalacaq?
Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparsa da, iki maddə üzrə tam razılaşma əldə edilməyib.
Ermənistan iki maddə ilə razılaşacaqmı?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən millət vəkili Elçin Mirzəbəyli bildirib ki, Ermənistanın bu məsələyə münasibəti absurddur: “Tərəflər arasında razılaşdırılmayan müddəlarla bağlı məqamlar aydındır. Bunlardan biri Praqa sazişinin kobud pozulması nəticəsində Avropa İttifaqının missiyası adlanan qondarma təsisatın hələ də Azərbaycan-Ermənistan sərhədlərindəki mövcudluğudur. Faktiki olaraq, bu təsisat hazırda NATO-nu təmsil edir. Azərbaycan-Ermənistan sərhədində infrastruktur formalaşdırılıb ki, bu da qətiyyən yolverilməzdir. Digər müddəa isə qarşılıqlı formada beynəlxalq iddialardan əl çəkilməsi məsələsidir. Sonuncu müddəa ilə bağlı Ermənistan tərəfi hansısa pozitiv məqamlar səsləndirməyə çalışır. Əslində bununla bağlı real mənzərə ortadadır. Azərbaycana Ermənistanın vurduğu ziyanın həcmi 150 milyard dollardan çoxdur. Nəticə etibarilə beynəlxalq məhkəmələrdə bu məsələnin qaldırılması Ermənistanın daha çox ziyanınadır. Amma bu, bölgədə sülh prosesinə də maneə yarada bilər. Buna görə də Azərbaycan humanizm prinsiplərindən çıxış edir və Cənubi Qafqazda sülhün, əmin-amanlığın davamlı olmasına cəhd göstərir.
Avropa İttifaqının müşahidə missiyasına gəldikdə, əslində bu qondarma təsisat öz fəaliyyətini dayandırmalıdır. Çünki Praqa prosesində əldə olunan razılılaşma çoxdan pozulub, Avropa İttifaqı missiyası adlanan bir qurum yoxdur. Azərbaycan sərhədində infrastruktur yaradılması isə bölgəyə üçüncü qüvvələrin müdaxiləsi deməkdir”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan elə hesab edir ki, delimitasiya prosesinin başa çatdığı ərazilərdən həmin qondarma missiyanın təmsilçiləri çəkiləcək, onlara ehtiyac qalmayacaq: “Əslində isə bu, absurd yanaşmadır. Belə çıxır ki, Avropa İttifaqının qondarma missiyası delimitasiya prosesində iştirak edir və ya dolayısı ilə təzyiq elementi kimi bölgədə öz mövcudluğunu qoruyub saxlayır. Nəzərə alaq ki, delimitasiya və demarkasiya kifayət qədər uzunmüddətli prosesdir və ciddi vaxt apara bilər. Bu da o deməkdir ki, Avropa İttifaqı uzun illər sərhəddə qala bilər. Təbii ki, bu, heç vaxt Azərbaycanı qane edə bilməz. Son olaraq komissiyaların görüşü və delimitasiya ilə bağlı hansısa proqramın ortaya qoyulması sülh müqaviləsinin müddəalarının razılaşdırılması istiqamətində ən yüksək səviyyədə olmasa da, ən az xarici işlər nazirləri səviyyəsində müəyyən danışıqların aparılacağı ehtimalını yaradır. Ermənistan konkret mövqeyini ortaya qoymalıdır. Hələ ki, onların nəzərə çarpacaq mövqeyi yoxdur”.