Close

Dayı bacıoğlunu belə "yüklədi" - İmişlidəki dəhşətli qəzaya sözardı

Neçə gündür, hamı İmişlidəki dəhşətli qəzadan yazır, danışır. İki gün ictimaiyyət müzakirə etdi. Kütlənin bir hissəsi dedi ki, yol polisi sürətlə gedirmiş, bir hissəsi iddia elədi ki, azyaşlılar küçədə nəzarətsiz olub, nə bilim nə. Amma hadisədən bir neçə gün keçsə də, bir nəfər demədi ki, hadisəyə səbəb olan “Mercedes” markalı avtomobil niyə qarşı hərəkət zolağına çıxıb. 2 azyaşlının ölümü, 3 uşağın xəsarət alması, yol polisi avtomobilinin sürücüsünün komaya düşdüyü bu dəhşətli qəzanı hamı fırlatdı polis və uşaqların valideynlərinin üzərinə.

Hüquq-mühafizə orqanları əməkdaşlarının aparığı araşdırma nəticəsində məlum olub ki, hadisənin baş verməsinə səbəb olan, yol polisi avtomobilinin hərəkət etdiyi yola qəfil çıxan “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini hüququ olmadan idarə edirmiş. İdarə edən şəxs isə yeniyetmədir. Hətta o da məlum olub ki, həmin yeniyetmə avtomobili qaçırıbmış. Yəni avtomobil yeniyetmənin özünə deyil, dayısına məxsus olub. Guya yeniyetmə dayısından xəbərsiz olaraq avtomobili oğurlayıb qaçırmış. Adam həbs edilib.

Amma bu oğurlanma o oğurlanmadan deyil, bunu yəqin ki, hamı bilir. Birincisi, “Mercedes” sovet istehsalı olan avtomobil deyil ki, onu avtomobilin açarı olmadan oğurlamaq olsun. Məsələn, sovet istehsalı olan “VAZ” və digər avtomobilləri fiziki güc tətbiq etməklə - şüşəni endirmək, qapını məftillə açmaq və sair üsullarla avtomobilə daxil olmaq, onu işə salmaq mümkündür. Amma almanların yüksək texnologiya ilə hazırladığı, bütün dünyada brendə çevrilən “Mercedes”in qapılarını kustar üsulla açmaq asan iş deyil, nəinki onu işə salmaq. Sadəcə avtomobil sahibi bu bəhanə ilə özünü məsuliyyətdən azad etmək istəyir.

Bu cür hadisələrə paytaxtda az rast gəlinsə də, Bakıətrafı ərazilərdə, xüsusən də bölgələrdə kütləvi hal alıb. Rayon yerlərində belə hallar daha tez-tez olur. Məsələn, hansısa yeniyetmə şəxsi avtomobili olan qohumuna, tanışına ərkyanə müraiət edir ki, ver maşını, gedim mağazadan filan şey alım gəlim. Yaxud hansısa avtomobili olan şəxs bir neçə nəfərlə kafedə yeyib-içir, süfrədə nəsə çatmır, yetkinlik yaşına çatmayan birinə avtomobilini etibar edir ki, getsin filan mağazadan hansısa çatmayan məhsulu alıb gəlsin. Sürücülük hüququna yaşı çatmayan, yaşı dövründə sükan görməyən, gözünü “qan örtən” həmin növcavanın isə avtomobili idarə etmək həvəsini təsəvvür eləməmək mümkün deyil. Yeniyetmə avtomobil sürməyə görə, nəinki qulluğa, hətta ən ağır işə də gedər. Nəticə isə budur.

Yayılan məlumata görə, qəzaya səbəb olan həmin “Mercedes”in sahibi də ifadə verib ki, guya avtomobili bacısı oğlu qaçırıb. Yeniyetmənin bir rayonda, eyni kənddə yaşayan doğma dayısının avtomobilini qaçırması təbii ki, inandırıcı deyil. Dayı, ya yeniyetmənin xətrinə dəyməmək üçün bacısı oğluna jest edib, ya da bacısı oğlunu hansısa qulluğa göndərirmiş. Nəticə acı olanda isə dayı məcburiyyət qarşısında qalıb məsuliyyətdən boyun qaçırmalıdır. Çünki hadisəni törədən bacıoğlu onsuz da məsuliyyətə cəlb edilir. Hadisənin üstü açılanda isə dayı da “içəri” getməmək üçün ikinci məsuliyyəti də bacıoğlunun boynuna "yükləyib", onu güdaza verməlidir.

Məncə, bu hadisə ciddi araşdırılmalı, hadisəni törədən bacıoğlu ilə yanaşı, qəzanın törədilməsinə şərait yaradan dayı da istintaqa cəlb edilməlidir. Bu işi isə buraxaq istintaqın öhdəsinə.