Azərbaycan və Gürcüstanın xarici siyasətində heç bir ölkəyə təhdid yoxdur
"Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri çox yüksək qiymətləndirilməlidir".
Bunu TNS-ə millət vəkili Vüqar İskəndərov deyib.
O bildirib ki, Gürcüstan Azərbaycanla dost, qardaş ölkədir və strateji müttəfiqdir: “İki ölkənin əlaqələri bütün sahələri əhatə edir. Səfər çərçivəsində görüş keçirən Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze çox vacib məqamlara toxundular.
Əvvəla, bizim çox yaxşı siyasi əlaqələrimiz var. Digər tərəfdən iqtisadi əlaqələrimiz də hər il artan dinamika ilə inkişaf edir. Azərbaycan Gürcüstanın xarici tərəfdaşları sırasında 5 ölkədən biridir. Ölkənin qaz tələbatının 80 faizini Azərbaycan ödəyir. Gürcüstanda hazırda çox yaxşı investisiya mühiti formalaşır. Bu mənada azərbaycanlı investorlar da buna öz töhfələrini verir. Gürcüstan da Azərbaycan üçün loqistik anlamda vaz keçilməz ölkədir. Bizim çox vacib neft, qaz kəmərlərimiz Gürcüstan ərazisindən keçir. Uzun illər bu sahədəki əməkdaşlığımız dostluğumuzu daha da möhkəmləndirib.
Siyasi anlamda Azərbaycanla Gürcüstan həm beynəlxalq, həm regional siyasi platformalarda bir-birini dost ölkə kimi dəstəkləyir. İki qonşu ölkənin həm də dərin köklərə bağlı əlaqələri var”.
Millət vəkili deyib ki, Azərbaycan və Gürcüstanın xarici siyasətlərində heç bir ölkəyə təhdid yoxdur: “Hər iki ölkə öz milli və dövlətçilik maraqlarına söykənən siyasət həyata keçirir. Gürcüstan-Azərbaycan münasibətləri bundan sonra da sürətlə inkişaf edəcək. Hər iki ölkə çoxtərəfli sahələrdə münasibətləri daha da möhkəmləndirəcək”.