ABŞ İranı İrəvana qarşı alternativlər axtarmağa sövq edir
"ABŞ ilə Ermənistan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya regional təhlükəsizliklə əlaqədar narahatlıqları artırır".
Bunu TNS-ə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov deyib.
O bildirib ki, Ermənistanın Rusiyadan böyük iqtisadi asılılıqları var, üstəlik, bu ölkədə Rusiyanın hərbi bazası mövcuddur: "Yəni, bu ölkə hər an partlamağa hazır barıt çəlləyidir. İkincisi, Ermənisanda Avropa İttifaqının monitorinq missiyası Azərbaycanla sərhəddə kəşfiyyat işləri aparır. Bunlar azmış kimi, Ermənistan Rusiyanın əzəli rəqibi ABŞ hərbçilərinin ölkəyə gəlib sərhəd keşiyi çəkməsini canfəşanlıqla gözləyir.
Bunlar daha çətin və mürəkkəb təhlükəsizlik problemlərini Ermənistanın üzərinə qaldıran faktorlar kimi çıxış etməkdədir.
Həm də ona görə ki, Ermənistanın ABŞ ilə yeni tərəfdaşlıq əlaqələri İranı İrəvana qarşı alternativlər axtarmağa sövq edir. Burada İran Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ilə bərabər, Rusiya ilə sövdələşmələrə üstünlük verə bilər.
Hərçənd ki, Azərbaycan Donald Tramp administrasiyasının ABŞ-Ermənistan sənədindən irəli gələcək məsələlərə necə yanaşacağını da gözləyir”.
Ekspert qeyd edib ki, Azərbaycan Ermənistan üzərindən qurulan oyunların uzunmüddətli perspektivdəki nəticələrini təhlil edir və bunun üçün proseslərdəki tendensiyaları gözləyir.