Avropa çətin vəziyyətdə - Trampın qərarları ilə hesablaşacaqlar
NATO-nun Baş katibi Mark Rutte Rusiya, Şimali Koreya və İranı dünya təhlükəsizliyinə təhdid hesab edir.
Onun fikrincə, davamlı sülhə nail olmaq üçün Ukraynaya hərbi dəstəyi artırmaq lazımdır. Rutte Avropanın öz NATO-sunun olmasının da arzuedilən olduğunu dilə gətirib.
Bundan sonra Ukrayna-Rusiya savaşının gedişatı necə olacaq? Ruttenin sözləri Avropa ilə ABŞ arasında gərginliyin göstəricisi kimi qəbul oluna bilərmi?
Siyasi şərhçi Kənan Rövşənoğlu TNS-ə deyib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna müharibəsi haqda mövqeyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlaması Avropa ölkələrini narahat edir.
Onun sözlərinə görə, ABŞ-nin Ukrayna siyasətinin, hazırkı Prezident Cozef Baydenin mövcud kursunun dəyişməsi Avropanı çətin vəziyyətdə qoyacaq: “Avropanın ABŞ olmadan Rusiya ilə uzunmüddətli müharibəni davam etdirməsi üçün resursu yoxdur. Digər tərəfdən, Trampın Kanada və Qrenlandiya ilə bağlı açıqlamaları Avropanı narahat edir. Bu, hazırkı mövcud hərbi-siyasi sistemi laxlada bilər. Ona görə də Avropa liderləri mövqe bəyan edir və narahatlıqlarını bildirirlər. Aydın məsələdir ki, NATO-nun əsas hərbi gücünü ABŞ təşkil edir. Bu səbəbdən də ABŞ-nin qəbul etdiyi qərarlar təşkilatda həlledici təsirə malikdir”.
Kənan Rövşənoğlu vurğulayıb ki, Tramp Ukrayna ilə bağlı siyasəti dəyişsə, NATO bununla hesablaşmalı olacaq: “Buna görə də Avropa ilə ABŞ-nin yeni administrasiyası arasında soyuqluğun olması gözləniləndir. Lakin indiki mərhələdə ciddi bir böhran yaranacağını düşümürəm. Avropa ölkələrinin əksəriyyəti Urkaynadakı müharibənin hansısa formada dayanmasında maraqlıdır. Çünki bu, bütün ittifaq üçün yükdür. Əsas problem odur ki, Tramp ABŞ-ni təkbaşına bir güc olaraq görür və NATO üzvü ölkələrin mövqeyini ciddiyə almır. Bunu Trampın əvvəlki prezidentliyi dövründə də gördük. Hesab edirəm ki, NATO rəhbərliyini daha çox narahat edən bu faktordur”.
Ayşən Azadova