Paşinyan Xocalı cəlladlarını həbs etdirsə...
Ermənistanın Baş naziri Nikol Paşinyan Xocalı cəlladları olan Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyanın həbsinə qərar verib. Erməni mediasının yazdığına görə, həmin şəxslər barəsində cinayət işi başlanıb.
Bu məsələni TNS-ə şərh edən politoloq Əziz Əzizbəyli bildirib ki, Paşinyanın “Artsax" fəlakəti və ondan irəli gələn problemlərə görə məsuliyyət daşımaq cəhdləri tamamilə gülünc görünür: “Bu xarici siyasət çöküşünün memarları təbii ki, onunla yanaşı, Qarabağ klanının liderləri - Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyandır.
20 il ərzində Qarabağ klanının liderləri ölkədə hakimiyyəti öz əllərində saxlamaqla nəinki münaqişəni diplomatik yolla həll etməyiblər, hətta ordunu yenidən döyüş əməliyyatlarına hazırlaya bilməyiblər. Üstəlik, onların siyasəti həm iqtisadi tənəzzülə, həm də əhalinin respublikadan geniş axınına səbəb oldu. Nəticədə 2017-ci ildə Ermənistan müdafiə ehtiyacları üçün cəmi 610 milyon dollar ayıra bildi, Azərbaycan isə ordusuna bundan 3 dəfə çox pul xərclədi. Ehtiyatda olanları nəzərə almasaq, 2017-ci ilə qədər ölkəmizin 67 min nəfərdən artıq hərbçisi var idi, İrəvan isə cəmi 42 min nəfəri döyüşə çıxara bildi. Tankların sayına görə, Bakı İrəvanı demək olar ki, 4,5 dəfə üstələyirdi.
Nikol Paşinyan keçmişlə bağlı tam haqlıdır. O, seçkilərdə bundan istifadə etməyə çalışacaq”.
Ekspert qeyd edib ki, bu günlərdə sabiq prezident Levon Ter-Petrosyanın yayılan məşhur nitqinin eynisinin Köçaryan və Sarkiyan, digərləri ilə də bağlı olmasına şübhə yoxdur: "Hazırda başlanan həbs dalğasının səbəbləri siyasi olsa da, nəticələri regiona təsirsiz ötüşməyəcək".