Close

Ermənistan artıq bunu dərk edir - Zəngəzur dəhlizi açılacaq

"Ermənistanın haradan silah almasından asılı olmayaraq, yaxın 5-10 il ərzində Azərbaycan Ordusuna müqavimət göstərməsi mümkün deyil".

Bunu TNS-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycanın dəfələrlə çağırış etməyinə baxmayaraq, Ermənistan bu hərəkətlərindən əl çəkmir: “Arazdəyən istiqamətində bu tip səngərlər, yaxud yeraltı sığınacaqlar, hərbi infrastrukturlar yaradırlar. Biz ermənilərə xəbərdarlıq etməklə yanaşı, öz işimizi də görürük. Düşmənin bütün həmlələrinə hər zaman hazır olmalıyıq. Ermənistan Zəngəzur dəhlizinin açılmasına hər hansı bir maneə törədə bilməz, onların buna gücü yoxdur.

Bu ölkənin havadarları da demək olar ki, onlardan üz döndəriblər. Azərbaycan Prezidenti yerli jurnalistlərə müsahibəsində Zəngəzur dəhlizinin açılacağını Ermənistanın və onun havadarlarının diqqətinə bir daha çatdırdı. 2020-ci ilin 10 noyabr razılaşması yerinə yetirilməlidir, Ermənistan dəhlizi açmalıdır. Ermənistanın Rusiya ilə problemi və İranla bəzi həll olunmamış məsələləri var. Amma inanıram ki, bu məsələlər də öz həllini tapacaq”.

Ekspertin sözlərinə görə, Ermənistan uzun müddət o dəhlizi bağlı saxlaya bilməz: “Dəhlizin bağlı qalması Naxçıvan əhalisi üçün problem yaradır, Ermənistan bunu anlamalıdır. Ermənistana çox güclü təsirlər və təzyiqlər var. İrəvan hələ qərar verməyə tələsmir, amma bu məsələ noyabr ayında həll olunmalı idi. Azərbaycanın 4 yaşayış məntəqəsi, Qazaxın üç, bir də Naxçıvanın Kərki kəndi hələ də erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Ermənilər bu məsələni qısa müddətdə həll etməlidirlər. İndi sülh müqaviləsindən çox danışılır, amma bizə boş söz yox, real addımlar lazımdır”.

Ayşən Azadova