Deputat: “O, Qərbə Prezident kimi lazım idi”
Xəbər verildiyi kimi, Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili ölkəsini tərk edib. O, hazırda ABŞ-nin Makkeyn İnstitutunda işləyir.
Maraqlıdır ki, ötən ayın ortalarında prezidentlik müddəti başa çatan Zurabişvili vəzifəsindən getməyəcəyini, Prezident Sarayını tərk etməyəcəyini açıqlamışdı. Daha sonra isə Prezident Sarayını tərk edərək, etirazçılara qoşulmuş, sona qədər aksiyalarda iştirak edəcəyini bildirmişdi. Amma bu bəyanatdan qısa müddət sonra nəinki iqamətgahını, hətta ölkəsini tərk edib.
Bu, Qərbin Cənubi Qafqazda daha bir dayaq nöqtəsinin yıxıldığını deməyə əsas verirmi?
TNS-in bu barədə suallarını cavablandıran deputat Arzu Nağıyev bildirib ki, Zurabişvilinin ölkəsini tərk etməsi gözlənilən idi: “O, Gürcüstanda qalsaydı, qeyri-legitim olaraq, müxtəlif siyasi proseslərə qoşulsaydı, konstitusiyanı pozaraq, xalqı mitinqlərə, dövlət çevrilişinə çağırmağa davam etsəydi, nəticədə hətta həbs edilməsi də gözlənilən idi. Məlum məsələdir ki, o, Qərbə Prezident kimi lazım idi. Qərb ondan istifadə edirdi. Avropa dövlətləri öz siyasətləri, məqsədləri üçün ondan istədikləri kimi istifadə istifadə edə bilmədilər. Artıq Zurabişvilinin heç bir səlahiyyəti olmadığı üçün bundan sonra da istifadə edə bilməyəcək”.
Deputat deyib ki, Gürcüstan artıq öz legitim, qanuni Prezidentini seçib: “Düşünürəm ki, müxtəlif strukturlar da öz funksiyalarını yerinə yetirməyə başlayacaq. Bu gün Gürcüstan seçicisi də başa düşür ki, Avropanın diqtəsi ilə yaşamaq qeyri-mümkündür. Gürcüstan bəlkə də bugünkü qədər müstəqilliyə yaxın olmamışdı. Bütün bunlar son vaxtlar baş verən hadisələrdən çıxan nəticədir”.