Close

19:10
09 Yanvar 2025

Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...

"Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Azərbaycan diplomatiyası Ermənistanla münasibətlərin gələcəyini əks etdirmək baxımından fəallaşıb”.

Bunu TNS-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov deyib.

O bildirib ki, Zəngəzur dəhlizi məsələsi hələlik potensial hərbi eskalasiyanı tam əks etdirmir: “Çünki ehtimallar var ki, Ermənistan danışıqlarda gözlənilməz və sürpriz mövqe sərgiləyə bilər. Buna baxmayaraq, Zəngəzur dəhlizinə nəzarət mexanizmi üçün güc mərkəzlərinin rəqabətinin Cənubi Qafqazda təhlükəsizlik şəraitini pisləşdirə biləcəyi narahatlıqlarını yaradır. Nəzarət mexanizmi üçün Rusiya 10 Noyabr Bəyannaməsinin 9-cu maddəsinə istinad etməkdə inadkarlıq göstərə bilər. Lakin məsələ burasındadır ki, 10 Noyabr Bəyannaməsinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prizmasında qüvvəsi qalmayıb”.

ABŞ-nin bu məsələ ilə bağlı mövqeyinə gəlincə, ekspert qeyd edib ki, bu, Donald Trampın ikinci prezidentliyi dövründə hansı strategiyaya üstünlük verməsindən asılıdır: “ABŞ-nin Cənubi Qafqazdakı proseslərdə, o cümlədən Zəngəzur dəhlizi layihəsində Rusiyanı qabaqlamaqdan ötrü əvvəlki dövrlərə oxşar siyasəti izləyəcəyi ehtimalı yüksəkdir. Çin isə Cənubi Qafqazda iqtisadi mövqelərini və geosiyasi əhəmiyyətini durmadan artırır, bu da öz növbəsində Pekinin Azərbaycanın xeyrinə doğru strategiyasını gücləndirir. Böyük Britaniya da Azərbaycanın regiondakı təhlükəsizlik və sülhlə əlaqədar prioritetlərinə dəstək göstərir. Azərbaycanın strateji müttəfiqi Türkiyə Bakının strateji şəkilləndirməsinin qarantı kimi böyük rola malikdir”.

A. Kərimov deyib ki, Zəngəzur dəhlizi ilə əlaqədar güc fokuslanması rəqabətə əsaslansa da, bu, nəticə etibarı ilə Azərbaycanın sürətlə yeni reallıq yaratmasına zəmin hazırlayır: “Ermənistan bütün bunların qarşılığında dəhliz məntiqinə reaksiya göstərə bilmir, çünki onun dirəniş nümayiş etdirəcək potensialı yoxdur. Buna görə də, Ermənistan dəhlizin sülh gündəmi kontekstində qiymətləndirilməsini aparmalı və Azərbaycanın şərtlərini, tələblərini qəbul etməlidir. Əks təqdirdə, Azərbaycan qabaqlayıcı tədbirlər üçün dəhlizin açılmasını güc ssenarisi ilə reallaşdıra biləcək”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan Zəngəzur dəhlizi və Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı ilə bağlı yerli jurnalistlərin suallarını cavablandırıb. “Bütün ölkələr müharibəyə hazırlaşır və gözləyir. Ermənistan geridə qalmamalıdır”, - deyə o bildirib.