Close

19:10
09 Yanvar 2025

Demokratların "basqı siyasəti" – ABŞ-Azərbaycan münasibətləri necə olacaq?

"ABŞ ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşması üçün ciddi addımlar atılacaq".

Bu sözləri TNS-ə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev deyib.

O bildirib ki, ABŞ ilə Azərbaycan arasında münasibətlərin yaxşı olması ölkəmiz üçün çox vacib amillərdən biridir: “Donald Trampın hakimiyyəti dövründə Azərbaycanla-ABŞ arasında münasibətlər əvvəlkindən yaxşı olacaq. Respublikaçıların hakimiyyət dövründə ABŞ ilə Azərbaycan rəhbərliyi arasında nisbətən daha yumşaq və işgüzar münasibətlər olub. Demokratların hakimiyyət dövründə isə həmişə Azərbaycana qarşı bir "basqı siyasəti" həyata keçirilib. 907-ci düzəliş də (1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək” haqqında akta əlavə olunan və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəliş - red.) məhz o zaman qəbul edilib. Cozef Bayden hakimiyyətə gələndən sonra da ABŞ-nin Azərbaycana münasibəti yaxşı olmayıb. Qarabağ münaqişəsi ilə bağlı Respublikaçıların hakimiyyətdə olduğu müddətdə ABŞ Ermənistana dəstək verib. Tramp isə hazırda müəyyən müsbət mesajlar verir, çox güman ki, onun hakimiyyəti dövründə Azərbaycanla-ABŞ arasında münasibətlər əvvəlkindən qat-qat yaxşı olacaq. Yəni buna ümidlər çoxdur. ABŞ faktiki olaraq dünyanın super gücüdür. Trampın son açıqlamalarından da görünür ki, ABŞ gücünü daha da artırmaq istiqamətində yeni addımlar atacaq. Enerji resursları məsələsində ABŞ ilə bizim strateji mövqelərimiz üst-üstə düşür".

Qeyd edək ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ABŞ-Azərbaycan münasibətlərindən də danışıb. Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərdiyini vurğulayan Azərbaycan Prezidenti əlavə edib: “Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq”.

Ayşən Azadova