Close

“Azərbaycanın sərhədləri həm də Suriyadan başlayır”

“Azərbaycan Qafqaz regionuna məhkum edilmiş kiçik ölkə hesab edilə bilməz. Ölkəmiz yeni imkanlar əldə edib, Xəzər hövzəsində, Cənubi Qafqazda və Yaxın Şərqdə hadisələrə təsir edə biləcək bir aktora çevrilib. Azərbaycan Prezidentinin Suriya ilə bağlı səsləndirdiyi fikirlər də ölkəmizin əldə etdiyi yeni imkanlarla bağlıdır”.

Bunu TNS-ə Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

Deputat bildirib ki, bu, məsələnin bir tərəfidir. İkinci məsələ odur ki, Suriya və onun ayrı-ayrı şəhərləri tarixi kontekstdə Azərbaycanın etnomədəni coğrafiyası hesab oluna bilər: “Azərbaycanın mədəni təsiri bütün Yaxın Şərqdə, xüsusən, Hələbdə, Suriyanın digər ərazilərində çox təsirli olub.

Nəzərə almaq lazımdır ki, Suriyanın yerli aparıcı etnik komponentlərindən olan bayırbucaq türkmənləri, İsraillə sərhəddəki qolani - Colan təpələri deyilən ərazilərdə yaşayan kolan türkləri bu günə qədər öz mədəniyyətlərini, dillərini qoruyub saxlayır. Onlar Azərbaycanda yaşayan kolan tayfalarının bir qoludur. Bütün bunarı nəzərə alaraq, bir də İmaməddin Nəsiminin məzarını əlavə etsək, deməli, Suriya bizə uzaq deyil, yaxındır.

Ona görə də əlaqələrin bərpa olunması gələcək milli strategiyamız, milli maraqlarımız baxımından çox vacibdir. Azərbaycan Prezidenti qeyd etdi ki, 12 ildir, Suriya ilə heç bir diplomatik əlaqəmiz yox idi, bu əlaqələri bərpa edəcəyik. Əlbəttə ki, belə bir strateji coğrafiyada Azərbaycanın mövcud olmağı, gələcək perspektivlər və milli dövlətimizin gələcəyi baxımından çox vacibdir.

Məsələnin bir də üçüncü digər tərəfi var. Türkiyə-Azərbaycan münasibətlərini və iki ölkə arasında imzalanmış Şuşa bəyannaməsini nəzərə alsaq, görəcəyik ki, bizim sərhədlərimiz həm də Suriyadan başlayır. Ona görə ki, Türkiyənin sərhədləri Suriyadan başlayır.

Şuşa bəyannaməsində xüsusi strateji punktlar, iki qardaş ölkənin gələcəyi, təhlükəsizliklə ilə bağlı məsələlər biz daha fəal olmağa motivasiya edir. Azərbaycan Prezidenti də müsahibəsində bildirdi ki, biz Suriyaya bütün yardımları Türkiyə vasitəsilə çatdırdıq.

 Bu komponentləri nəzərə alsaq Suriyada çox uzaq ölkə deyil. Demək olar ki, Suriya bizim mədəni və  etnik baxımdan coğrafiyamızının bir hissəsidir. Ona görə də yeni Suriya yaranırsa, mütləq Azərbaycan da olmalıdır”.

t3

Qeyd edək ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Suriyada baş verən hadisələrə də toxunub: “Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir”.