Close

Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir

"Prezident İlham Əliyev sülh sazişinin imzalanması ilə bağlı Ermənistanın pozucu siyasətinə ən layiqli cavab verdi".

Bunu TNS-ə “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistan sülh sazişini imzalamaqdan yayınmaqda davam edir: “Bütün bölgənin sülhə nə qədər ehtiyacı olsa da, Ermənistan buna daha çox möhtacdır. Ona görə ki, Azərbaycanın stabil inkişafı, inkişaf üçün iqtisadi mənbələri var. Ermənistanın isə imkanları demək olar ki, sıfra bərabərdir, dünyaya çıxışı yoxdur. Ermənistan sülh şəraitində daha yaxşı imkanlar əldə edə bilər. Azərbaycan tamamilə doğru taktika nümayiş etdirir. Yəni, Ermənistan sülh sazişini yubatdıqca, Azərbaycan da tədricən sənədin imzalanma məsələsini öz siyasətinin prioritetləri sırasından arxa plana keçirəcək. Azərbaycanın görəcəyi daha vacib işlər var. Əgər Ermənistan sülh sazişinin imzalanmasından qaçırsa, Azərbaycan öz siyasətinin gündəmində yeni prioritetlər müəyyənləşdirməlidir. Sülh sazişinin imzalanmasının gecikməsinin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğunu bütün dünya bilir. Belə bir şəraitdə Azərbaycanın yalnız sülh sazişinə fokslanması məncə, düzgün deyil. Əgər Ermənistan sülhə razı deyilsə, Azərbaycan daha vacib istiqamətlərdə fəallığını artırmalıdır. Ən əsası odur ki, Ermənistan sülh sazişindən yayınırsa, demək ki, bu ölkə yenidən müharibə istəyir. Azərbaycan da bu istiqamətdə hazırlıq görməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev  yerli televiziya kanallarına müsahibəsində bir daha Ermənistan tərəfinə məsləhətlərini verib. Dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib, deyib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu, imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.