"Bakı Metropoliteni" QSC gedişhaqqının artırılması xəbərinə aydınlıq gətirdi
"Bakı Metropoliteni"ndə gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən TNS-ə daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil: "Bildirmək istəyirik ki, cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.
Həmçinin qeyd olunmalıdır ki, “Bakı Metropoliteni” QSC metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda "Bakı Metropoliteni" sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir.
İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq".