Zəlzələlərin sayı artıb? - Bu yeraltı təkanlar faydalıdır
Zəlzələlər əsasən, yerin tektonik plitələrinin hərəkəti nəticəsində baş verir. Bundan əlavə, insanların zəlzələlərə səbəb ola bildiyi iddia edilsə də, bu ehtimal təsdiqini tapmayıb.
Zəlzələ ilə bağlı xəbərlər hər gün kifayət qədər çox olur. Ötən gün ölkəmizin İranla sərhədində də növbəti zəlzələ qeydə alınıb.
Xəbərlərin çoxluğu fonunda bu təbiət hadisəsinin son illər daha tez-tez baş verdiyini deyə bilərikmi?
Mövzu ilə bağlı TNS-ə danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev zəlzələ hadisələrinin deyil, onunla bağlı xəbərlərin artdığını bildirib: “Zəlzələ elə bir təbiət hadisəsidir ki, bütün dövrlərdə olub və olacaq. Bizdə əvvəllər 4 bala qədər olan zəlzələlərin xəbərini vermirdilər. Bunu ancaq seysmoloji stansiyalar qeydə alırdı. Azərbaycan ərazisində minlərlə bu cür zəlzələ olurdu, amma xəbərimiz olmurdu. Bu gün isə baş verən bütün zəlzələ hadisələri ilə bağlı məlumatlar xəbər kimi yayılır. Bu da bir növ elmi hesabat xarakteri daşıyır. Yəni, biz işləyirik”.
Ənvər Əliyev bildirib ki, aşağı ballı zəlzələ xəbərləri ilə bağlı heç bir narahatlığa əsas yoxdur: “Əgər geoloji qanunauyğunluqla yanaşsaq, 4-5 ballıq zəlzələlərin intensiv olması həmin ərazidən yerin gərginliyini azaldır. Sonradan həmin ərazidə güclü zəlzələlərin baş vermə ehtimalı aşağı olur. Uzun müddət zəlzələ olmayanda güclü enerji toplanır və nəticədə 6-7 ballıq yeraltı təkan baş verir. 3-4, hətta 5 ballıq zəlzələ olanda enerji boşalması olur. O baxımdan bu cür zəlzələləri “faydalı” da hesab etmək mümkündür”.