Sanksiyalar nüvə silahından daha təsirlidir – İqtisadi savaşlar Azərbaycana necə təsir edəcək?

Dünya iqtisadi savaş dövrünə keçid edir. Daha nüvə silahına ehtiyac qalmayacaq, nəhəng dövlətlər iflas edəcək.
İqtisadi savaş hansı nəhəng dövlətlərə təsir edəcək? Ölkəmiz üçün hansısa təhlükələr gözlənilirmi?
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli TNS-ə bildirib ki, iqtisadi savaş ən böyük silah olan sanksiya deməkdir: “Bu, yeni başlamayıb, dünya tarixində belə təcrübələr çoxdur. Son zamanlar isə sanksiyalar kəskin artıb, bundan silah kimi istifadə olunur. İqtisadi savaş – sanksiya Rusiyaya, İrana, Şimali Koreyaya, Çinin şirkətlərinə, digər dövlətlərə tətbiq olunur. Bu addımlar nəticə etibarilə ticarət savaşlarını, iqtisadi savaşları qızışdıran amilə çevrilir. İndi bu anlamda dünyada bir qeyri-müəyyənlik hökm sürür. ABŞ-də yeni seçilmiş Prezdent Donald Tramp Administrasiyası sanksiyaları daha da sərtləşdirməyi düşünür. Məsələn, Tramp Administrasiyası İrana, Çinə qarşı sanksiyaları artırdıqca bu, böyük ticarət savaşlarına gətirib çıxaracaq”.
Partiya sədri bildirib ki, Azərbaycan hələlik bu məsələlərdən tamamilə yan keçməyə müvəffəq olub: “Bu, Azərbaycanın uğurudur. Ölkəmiz bütün tərəflərlə normal münasibətlər saxlamağa çalışır. Neft və qaz layihələrimiz bizim üçün əsasdır, onlar da Avropa İttifaqına və Qərbə bağlıdır”.
Ayşən Azadova