Close

“Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir”

Rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin bağlanması üçün iki ölkə ilə istənilən formatda qarşılıqlı fəaliyyətə hazır olduğunu bəyan edib.

Bu açıqlamanı TNS-ə şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin bağlanması üçün iki ölkə ilə istənilən formatda qarşılıqlı fəaliyyətə dair müxtəlif fikirlər səsləndirir.

O  qeyd edib ki, bu fikri səmimi qəbul etmək bir az çətindir: “ABŞ həqiqətən də səmimi şəkildə Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesində aktiv iştirak edib, qarşılıqlı əlaqələri formalaşdırmaq istəyirsə, birinci bunun zəminini hazırlamalıdır. Hazırda ABŞ məsələnin əksinə gedir. Ermənistan ABŞ tərəfindən silahlandırılırsa, onunla hərbi təlim keçirilirsə, yəni birtərəfli şəkildə Ermənistana dəstək verilirsə, burada bizim sülhdən danışa bilməyimiz mümkün deyil. Sülh prosesini həll etmək üçün gərək tərəflərə eyni şərait yaradılsın. Yəni Azərbaycana dəstək verilmirsə, Ermənistana da verilməməlidir. Hər iki tərəfə dəstək vermədən sülh şərait yaratmaq lazımdır”.

S. Hümbətov vurğulayıb ki, ABŞ Ermənistanı açıq şəkildə silahlandırır: “ABŞ Ermənistan və Azərbaycanın şərti sərhədlərində NATO bazasını yerləşdirməyə çalışır. Bütün bunlardan sonra “gəlin, sülh müqaviləsini imzalayaq”, - deyirlər. Problemlər həll olunmadan ABŞ-nin verdiyi bəyanatlar cəfəngiyyatdan başqa bir şey deyil. Deyilən məsələləri həll etmək üçün ilk mərhələdə baza yaradılmalıdır”.

Ayşən Azadova