Ard-arda baş verən təyyarə qəzaları – Hadisələrin bir-birilə əlaqəsi...
2024-cü ilin son günləri faciəvi təyyarə qəzaları ilə yadda qaldı.
Ard-arda bu qədər qəzanın baş verməsi ciddi suallara, şübhələrə yol açır. Nə baş verir?
Mövzu ilə bağlı TNS-in suallarını təqaüddə olan türkiyəli pilot, kapitan, qəza araşdırma mütəxəssisi Eyyub Turşucu cavablandırıb.
Eyyub Turşucu bildirib ki, ar-arda baş verən qəzaların bir-birilə əlaqəsi yoxdur. Yəni, təsadüfdür: "Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğramasına nəqliyyat vasitəsinin raket hücumuna məruz qalmasının səbəb olduğu təsdiqləndi. “Jeju Air” şirkətinə məxsus təyyarə qəzasının isə səbəbi açıqlanmayıb. Qəzanın necə baş verdiyi bilinir, lakin səbəbi açıqlanmayıb. Nə zaman ki, araşdırmaların nəticələri açıqlanacaq, o zaman bir fikir söyləmək doğru olar".
Qeyd edək ki, ötən il 25 dekabrda AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtəsində 65 nəfərin olduğu təyyarədə 38 nəfər həyatını itirib. 29 dekabr tarixində Cənubi Koreya, Kanada və Norveçdə ardıcıl 3 təyyarə qəzası baş verib. “KLM Royal Dutch Airlines” şirkətinə məxsus KL1204 reysi ilə uçan “Boeing 737-800” təyyarəsi dünən təcili eniş zamanı Oslo Torp Sandefjord hava limanında 18-ci uçuş-enmə zolağından kənara çıxıb, ölən yoxdur. Eyni gündə “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və 181 nəfər ölüb. Son olaraq Kanadada “Air Canada” aviaşirkətinə məxsus təyyarə Halifaks şəhərinin hava limanına qəza enişi edib, ölən yoxdur.
Ayşən Azadova