“Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirməsə...”
“Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiyanın mövqeyini sərt tənqid etməsi Kremlə tutarlı cavab idi”.
TNS xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev Rusiya hakimiyyətinin 3 gün səssiz qalmasından və təyyarənin “qəzaya uğramasını təbii səbəblərlə” əlaqələndirməsindən narazılığını ortaya qoyub: “Dövlət başçısı Rusiyanın izi itirməyə çalışdığına dair konkret suallar səsləndirdi. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Rusiya rəsmi strukturlarını sərt təndiq etdi. Bu, o deməkdir ki, Kreml sahibinin telefonda səsləndirdiyi üzrü yarımçıq olub. Çünki Putin Rusiyanın cavabdeh olduğunu etiraf etməyib. Prezident İlham Əliyev isə müsahibəsində Rusiyanın üzrxahlığından sonra etiraf və kompensasiyanın ödənilməsinin vacibliyini bildirib. Rusiyanın siyasi və ekspert dairlərində etiraf və kompensasiya mövzularında müzakirə getmir, Azərbaycan Prezidentinin açıqlamalarını görməzlikdən gəlməyə çalışırlar. Kreml icazə vermir. Əksinə, Kremlin nəzarətindəki televiziya kanalları və Z-blogerlər baş verən hadisəyə görə nəyəsə görə Ukraynanı günahkar sayırlar, guya Ukrayna dronları qəsdən sərnişin təyyarəsinin uçuşuna mane olublar. Bunun özü də cinayətin izini itirməsinə və cavabdehlikdən boyun qaçırmağa yönəlik təşəbbüslərdir.
Vladimir Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Çeçenistana göndərib. O, Qroznıda əməliyyat müşavirəsi keçirib. Putin anlamamış deyil ki, Prezident İlham Əliyevin təyyarə qəzasıyla bağlı haqlı tələbləri yerinə yetirilməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. Ancaq Putin Azərbaycan Prezidentinin tələblərini yerinə yetirsə belə, “vurulan təyyarənin niyə Qroznı yaxınlığındakı hava limanlarından birinə enməsinə icazə verilməyib?” - sualı heç zaman gündəmdən düşməyəcək. Kremlin “pilotlar özləri Aktau istiqamətini seçiblər”, - versiyasını səsləndirməkdə davam etməsi Azərbaycanda və beynəlxalq aləmdə qəbul edilməyəcək”.