Həlak olan ekipaj üzvləri dəfn üçün II Fəxri xiyabana yola salındı - FOTO
Bakı-Qroznı reysi üzrə hərəkət edən təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportundan dəfn üçün II Fəxri xiyabana yola salınıb.
TNS-in məlumatına görə, həlak olan ekipaj üzvləri – pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva bu gün II Fəxri xiyabanda dəfn olunacaqlar.
Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 3-ü ekipaj üzvü olmaqla 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.